“Velosipedçi dostu ol!” devizi altında keçirilən beynəlxalq tədbirin iştirakçıları Binəqədi rayonuna səfər etdilər
10-18 iyul 2017-ci il tarixlərində Avropa Komissiyasının “Erasmus+” proqramının maliyyə dəstəyilə “Velosipedçi dostu ol!” (Be cyclist friendly) devizi altında beynəlxalq tədbir keçirilir. Tədbirə İspaniya, Macarıstan, Xorvatiya, Gürcüstan və Ukraynadan hər birindən 7 nəfər olmaqla 35 nəfər gənc iştirakçı qatılmışdır.
17 iyul 2017-ci il tarixdə layihə iştirakçılarının Binəqədi rayonuna tanışlıq səfəri baş tutdu. İştirakçılar əvvəlcə Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsi ilə tanış oldular. Gənclər Evinin akt zalında Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov təqdimatla çıxış etdi. Təqdimat zamanı Elvin Aslanov ölkə başçısı Prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısından, onun rəhbərliyilə ölkəmizdə, o cümlədən Binəqədi rayonunda gənclər sahəsində görülmüş işlər, əldə edilmiş uğurlardan, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti barədə ətraflı məlumat verdi. Təqdimatdan sonra tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdı.
Sonra gənclər Binəqədi rayonu Heydər Əliyev adına istirahət parkına gəldilər. Parkla tanış olduqdan sonra çay süfrəsi arxasında səmimi söhbət etdilər.
Səfərin sonunda layihə iştirakçıları tərəfindən layihənin mahiyyətinə uyğun olaraq yenidən dizayn olunmuş və dekorativ formada hazırlanmış bir ədəd velosiped Binəqədi rayonuna hədiyyə edildi.
Layihənin məqsədi gənclər arasında fərqliliklərin öyrənilməsi, inkişaf etdirilməsi üçün şəraitin yaradılması və qazanılmış biliklərin paylaşılmasıdır. Layihənin icrası müddətində gənclər mədəniyyətlərarası müxtəlifliyin inkişaf etdirilməsi, ətraf mühit və sağlam həyat tərzi barəsində fikir mübadiləsi apardılar.