Binəqədi rayonunda məcburi köçkünlər üçün göz müayinəsi keçirildi
Binəqədi rayonunda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) xətti ilə məcburi köçkünlər üçün göz müayinəsi keçirildi.
İyulun 17-də Binəqədi rayonu ərazisində yerləşən 246 nömrəli orta məktəbdə təşkil olunan aksiyada Yaponiyanın “Fuci Optikal” şirkəti tərəfindən “Didərgin düşmüş icmalar üçün görmə qabiliyyətinin müayinəsi üzrə yardım missiyası” çərçivəsində 500-ə yaxın insan müayinə edilərək müvafiq eynəklərlə təmin edildi.
Müayinə tanınmış yapon alimi doktor Akio Kanainin rəhbərlik etdiyi 6 nəfərdən ibarət optometrist mütəxəssislər tərəfindən aparıldı.
Binəqədi Rayon İcra Hakimiyyətinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Binəqədi rayonu üzrə sektorunun təşkilati dəstəyi ilə təşkil olunan humanitar aksiyadan Binəqədi rayonunda yaşayan 150 nəfərə yaxın məcburi köçkün və şəhid ailələri də bəhrələndi.