Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində “Azərbaycan milli geyimləri” adlı rəsm sərgisi keçirildi
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 20 iyul 2017-ci il tarixində Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində “Gənclik və Şəxsiyyətlər” layihəsi çərçivəsində “Azərbaycan milli geyimləri” adlı rəsm sərgisi keçirildi.
Tədbirdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, xalq rəssamı Arif Hüseynov, Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov, layihənin rəhbəri Aysel Əlizadə, gənc rəssamlar iştirak etdilər.
Tədbirin birinci hissəsində iştirakçılar gənc rəssamların əl işlərindən ibarət sərgiyə baxdılar. Sonra tədbir akt zalında rəsmi hissə ilə davam etdirildi. Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova qonaqları və gənc rəssamları salamlayaraq, idarə tərəfindən mütəmadi olaraq mədəniyyətin müxtəlif sahələri üzrə tədbirlərin həyata keçirildiyini və gənclərin fikir və ideyalarının reallaşdırılmasına Binəqədi rayonunda hər zaman dəstək göstərildiyini bildirdi.
Sonra xalq rəssamları Arif Hüseynov və Ağaəli İbrahimov, layihə rəhbəri Aysel Əlizadə tədbirin əhəmiyyətindən danışaraq, gənclər arasında rəssamlığa marağın böyük olduğunu bildirdilər.
Sonda xalq rəssamları gəncləri maraqlandıran sualları cavablandırdılar və onlara tövsiyələrini verdilər. Tədbirin gedişatında gənc rəssamlar nümunə olaraq əl işlərini nümayiş etdirdilər.
Tədbir sərgi iştirakçılarının sertifikatlarla təltif edilməsi ilə yekunlaşdı.