“Ekstremizmə qarşı gənclərin mübarizəsi” devizi altında keçirilən beynəlxalq tədbirin iştirakçıları Binəqədi rayonuna səfər etdilər
18-26 iyul 2017-ci il tarixlərində Bakıda Avropa Komissiyasının “Erasmus+” proqramının maliyyə dəstəyi ilə “Ekstremizmə qarşı gənclərin mübarizəsi” devizi altında beynəlxalq tədbir keçirilir. Tədbirə İtaliya, İspaniya, Estoniya, Türkiyə, Hollandiya, Gürcüstan, Rusiya, Ukrayna, Moldovadan olmaqla 20 nəfər iştirakçı qatılıb.
Layihə iştirakçıları 25 iyul 2017-ci il tarixində Binəqədi rayonuna səfər etdilər. İştirakçılar əvvəlcə Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsi ilə tanış oldular. Gənclər Evinin akt zalında Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov təqdimatla çıxış etdi. Təqdimat zamanı Elvin Aslanov ölkə başçısı Prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısından, onun rəhbərliyilə ölkəmizdə, o cümlədən Binəqədi rayonunda gənclər sahəsində görülmüş işlər, əldə edilmiş uğurlardan söhbət açdı, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verdi. Təqdimatdan sonra tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıldı.
Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin inzibati binasında gənclər üçün yaradılan şəraitlə tanışlıqdan sonra qonaqlar Binəqədi rayonu Heydər Əliyev adına istirahət parkında oldular və Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov rayonda həyata keçirilən abadlıq-quruculuq işləri barədə qonaqlara məlumat verdi.