Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində “Poeziya Gecəsi” keçirildi
29 iyul 2017-ci il tarixində Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) icra etdiyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəklədiyi 4 aylıq “Yaradıcılıq üfüqləri: Gənc yazarlar üçün toplantıların təşkili” adlı layihənin yekun tədbiri olaraq Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində “Poeziya Gecəsi” keçirildi.
Tədbirdə millət vəkili, şair-publisist Musa Urud, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, “Yeni Azərbaycan” qəzeti baş redaktorunun müavini, əməkdar jurnalist Nadir Azəri, gənc yazarlar iştirak etdilər.
Gənc və istedadlı şairlər İntiqam Yaşar və Ülkər Pirinin aparıcılığı ilə baş tutan tədbiri giriş sözü ilə açan Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının başqanı Əkbər Qoşalı çağdaş ədəbiyyatımızda yaradıcı gənclər arasında parlaq imzaların olduğunu və onların ədəbi ictimaiyyətdə canlanma yaratdığını qeyd etdi. Dünya Gənc Türk Yazarlar Birliyinin yarandığı gündən istedadlı gənc yazarların üzə çıxarılması və onların ədəbi ictimiyyətdə tanınmasında bir çox işlər gördüyünü xatırladan Əkbər Qoşalı, bu dəfəki layihənin də əsas qayəsi barədə danışdı. O bildirdi ki, “Yaradıcılıq üfüqləri: Gənc yazarlar üçün toplantıların təşkili” adlı layihə çərivəsində bu il ərzində paytaxtın müxtəlif mədəniyyət ocaqlarında, eləcə də, bölgələrdə - o cümlədən Bərdə və Şəmkirdə, Xırdalan və Sumqayıtda yaşayıb fəaliyyət göstərən yaradıcı gənclərlə, ədəbi ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirilib, habelə virtual fikir mübadiləsi aparılıb. Məhz bu cür görüşlər yeni imzaların üzə çıxarılmasına və onların respublika səviyyəli dövri nəşrlərdə, eləcə də, Dünya Gənc Türk Yazarlar Birliyinin mandatına uyğun olaraq, türk dünyası nəşrlərində çıxışlarına imkanlar açır.
Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov çıxışında rəhbərlik etdiyi qurumun daim gənclərin ideyalarının gerçəkləşməsi, istedadlı gənclərin aşkara çıxarılması kimi məsələlərdə yaxından iştirak etdiyini nəzərə çatdırdı, dövlətimizin apardığı uğurlu gənclər siyasəti sayəsində gənclərin öz ideya və yaradıcılıq potensialını üzə çıxarmaq üçün hərtərəfli şərait yaradıldığını vurğuladı. Natiq qeyd etdi ki, təkcə Bakıda deyil, bölgələrimizdə də “Gənclər Ev”lərinin tikilib istifadəyə verilməsi və gənclərin orada müxtəlif tədbirlər keçirməsi buna örnək göstərilə bilər.
Millət vəkili, şair-publisist Musa Urud ədəbi mühitdə gənclərin rolundan söhbət açdı. Poeziya gecəsində səsləndirilən şeirlərin məzmun və forması barədə fikir bildirən millət vəkili, gənclərin Qarabağ həsrətinin, vətənpərvərlik duyğularının ədəbiyyatımızda işıqlandırılmasının vacib olduğunu bildirdi. Bu baxımdan gənc yazarların üzərinə düşən mənəvi məsuliyyətin böyük olduğunu və parlaq imzaların ədəbiyyatımızın daha da canlanması üçün böyük töhfə olduğunu vurğuladı, onlara uğurlar arzuladı. Musa Urud Dünya Gənc Türk Yazarlar Birliyinə yeni üzv olmuş iki gənc yazara üzvlük vəsiqəsini təqdim etdi.
Poeziya axşamında paytaxtda, Abşeron və Sumqayıtda yaşayan gənc istedadlarla yanaşı, Balakən, Bərdə, Gədəbəy, Gəncə, Xaçmaz, Kürdəmir, Qazax, Quba, Masallı, Naxçıvan, Lerik, Saatlı, Salyan, Şamaxı, Şəmkir, Tovuz və başqa bölgələrimizi, habelə Təbrizi təmsil edən gənc şairlər, gənc aşıqlar Toğrul və Cavanşir iştirak etdilər.
Tədbirin sonunda fərqlənən iştirakçılar “Fəxri fərman”la təltif edildilər.