Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi-Novxanı-Corat yolu sakinlərin istifadəsinə verildi

04 avqust 2017 | 11:00

Binəqədi-Novxanı-Corat yolu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Abşeron yarımadasının şimal hissəsində sahil boyunca salınıb. Yolun uzunluğu 13,5 kilometrdir. Layihəyə uyğun olaraq ikizolaqlı yolun hərəkət hissəsinin eni 9 metrdir. Sahil boyunca bəzi ərazilərdə mövcud yolun eni genişləndirilib. Yolun həm Novxanı, həm də Pirşağı qəsəbələrindən keçən hissələrində eni 3-4 metrdən 9 metrə çatdırılıb. Bəzi ərazilərdə isə yol tamamilə yeni yataq üzrə inşa olunub. Vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yol boyunca yeni piyada səkiləri də tikilib. Yolun bu cür müasir səviyyədə inşası, ilk növbədə, nəqliyyatın hərəkətinin yüksək səviyyədə təmini, baş verə biləcək tıxacların qarşısının alınması, Bakı şəhərinin qəsəbələrinin və kəndlərinin sakinlərinin sosial məsələlərinin həlli baxımından böyük rol oynayır. Layihənin icrası həm də paytaxtın dənizkənarı turizm məkanlarına daha tez və rahat çatmaq, turizm sektorunun inkişafına dəstək vermək baxımından mühüm əhəmiyyət daşıyır.
O cümlədən, yolun inşasının başa çatdırılmış hissəsində Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yol kənarı hasarlarda 160 m2 boyaq işləri, 1050 m2 dekorativ suvaq, hühdürlüyü 2.5 metr olan 256 metr uzunluğunda həsir materialdan ibarət hasar hörgüsü və vətəndaşlara məxsus hasarların bərpası işləri aparılmışdır.
Eyni zamanda yol kənarlarının abadlaşdırılması istiqamətində işlər görülmüş və hasarlarda içərisində müxtəlif növ dekorativ güllər əkilmiş dibçəklər asılmışdır.

Keçidlər