"Azərbaycan səninlədir-sənsiz deyil" adlı yaradıcılıq müsabiqəsinə yekun vuruldu
2013-cü il mayın 14-də Biləcəcəri qəsəbəsində yerləşən Mərkəzi Mədəniyyət Evində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə "Azərbaycan səninlədir-sənsiz deyil" adlı yaradıcılıq müsabiqəsinin yekun nəticələrinə həsr olunmuş tədbiri keçirildi.
Müsabiqənin keçirilməsində əsas məqsəd Binəqədi rayonunda ümummilli liderimiz Heydər Əliyevin xatirəsini yad etmək, yaradıcı və istedadlı gənclərə dövlət qayğısının artırılması və onların qabiliyyətinin inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılması idi. Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra, xüsusən də ümummilli lider Heydər Əliyevin respublikamıza siyasi rəhbərliyə qayıdışı ilə milli-mənəvi dəyərlərin dirçəlişinə, iqtisadiyyatın, sosial sahələrin inkişafına güclü stimul verilmiş, bunlarla bərabər, istedadlı uşaq və gənclərə diqqət və qayğının artırılması ölkə Konstitusiyasında təsbit edilərək təhsil sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Əsas məqsəd mövcud olan istedad potensialını vaxtında müəyyənləşdirib, onun inkişafını təmin etmək üçün xüsusi tədbirlər həyata keçirmək, ictimaiyyətinin diqqətini bu vacib məsələnin həllində yaxından iştiraka yönəltmək, istedadlı uşaq və yeniyetmələrin inkişafına dövlət qayğısını gücləndirməkdən ibarət olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gənclərlə işi öz fəaliyyətinin prioritet istiqamətlərindən biri hesab edərək gənclərdə vətəndaşlıq mövqeyinin formalaşmasına, xüsusi istedada malik olan gənclərin üzə çıxarılmasına önəm verir. Bunun təsdiqidir ki, 17 aprel 2006-cı il tarixdə ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Xüsusi istedada malik olan şagirdlərin (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)" qəbul edilmişdir. Dövlət siyasətini rayon ərazisində həyata keçirmək məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Binəqədi rayonunda “İstedadlı uşaq, yeniyetmə və gənclər haqqında Məlumat Bankı”nın yaradılması barədə sərəncam imzalanmışdır.
İki mərhələdə keçirilən və ulu öndərin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş müsabiqəyə mart ayından start verilib. Məktəbdaxili mərhələ 2013-cü ilin mart ayı ərzində rayonun orta ümumtəhsil məktəblərində keçirilib. Məktəbdaxili mərhələdə qalib gəlmiş şagirdlər rayon mərhələsinə vəsiqə qazanıb. İkinci-rayon mərhələsi isə aprel ayı ərzində 32 orta ümumtəhsil məktəbinin, musiqi məktəblərinin, uşaq-gənclər yaradıcılıq mərkəzlərinin iştirakı ilə keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov tədbirdə çıxış edərək ümummilli liderin ölkəni müstəqilliyə qovuşdurandan sonra onu inkişaf etdirmək üçün gördüyü misilsiz işlərdən, apardığı uğurlu islahatlardan danışdı. Keçirilən tədbirin Tanrının Azərbaycan xalqına xilaskarlıq missiyasını yerinə yetirmək üçün bəxş etdiyi ulu öndərin anadan olmasının ildönümü münasibətilə təşkil edilən yaradıcılıq müsabiqəsi qaliblərinin mükafatlandırılmasına həsr edildiyi bildirildi. Heydər Əliyevin ölməz ideyaları mədəniyyətimizin inkişafında güclü və yeni stimul yaratmış, onun hakimiyyəti dövründə Azərbaycan mədəniyyəti dünyada daha geniş tanınmağa və təbliğ olunmağa başlamış, incəsənətin ayrı-ayrı sahələrinin tərəqqisinə xidmət göstərən dövlət proqramları qəbul olunmuşdur.
Tədbirin sonunda iştirakçılara diplom və hədiyyələr tə qdim olundu.