Binəqədi Gənclər Evində təqdimat mərasimi keçirildi.
Binəqədi Gənclər Evində “Yoxsulluğun azaldılması məqsədilə aztəminatlı, qaçqın və məcburi köçkün ailələrindən olan qadın və qızlar üçün peşə təlimlərinin keçirilməsi və onların sahibkarlıq bacarıqlarına yiyələnməsi” layihəsinin təqdimat mərasimi keçirildi.Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyi tərəfindən təşkil olunan tədbirdə giriş sözü ilə çıxış edən layihə rəhbəri İradə Rizazadə layihə çərçivəsində görülən işlər barədə ətraflı məlumat verib. O bildirib ki, 4 ay ərzində Binəqədi rayonu ərazisində yaşayan aztəminatlı, qaçqın və məcburi köçkün ailələrindən olan 25 nəfər qadın və qız dərzilik, toxuculuq və naxış tikmə üzrə peşə bacarıqlarına yiyələnib, ekspert tərəfindən onlara sahibkarlıq - “Peşə bacarıqlarından ailə biznesinə keçid: mövcud imkanlardan effektiv istifadə” mövzusunda təlimlər keçirilib. Qadınların fərdi sahibkarlıqla məşğul ola bilmələri üçün onların ASAN xidmət nəzdində fəaliyyət göstərən ABAD Mərkəzlərinə ekskursiyaları təşkil olunub və bu Mərkəzlərlə əməkdaşlıq məsələləri müzakirə olunub. Daha sonra Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov çıxış edərək, layihənin əhəmiyyətini vurğulayıb. Rauf Həsənov çıxışında qeyd edib ki, cənab Prezidentin həyata keçirdiyi siyasətin və imzalanan strateji yol xəritələrinin əsas istiqamətlərindən biri də məhz yoxsulluğun azadılmasına yönəlib. O, həmçinin bildirib ki, Binəqədi rayon İcra Hakimiyyətinin rəhbərliyi rayon ərazisində yaşayan vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş belə layihələrin icrasına daima öz dəstəyini göstərir. Binəqədi rayon Məşğulluq İdarəsinin aparıcı məsləhətçisi Rəşad Muradov tədbir iştirakçılarına “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 aprel tarixli 1941 nömrəli Sərəncamının icrası ilə bağlı görülən işlər barədə məlumat verib və bu layihə ərzində təlim keçən şəxslərin bu proqrama cəlb olunmaları üçün müvafiq tövsiyələr verib.Tədbirdə həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin, Binəqədi Rayon Bələdiyyəsinin nümayəndələri və QHT rəhbərləri iştirak ediblər. Tədbirin sonunda təlim keçən şəxslərə sertifikatlar təqdim olunub, sonra isə onlar hazırladıqları əl işlərini tədbir iştirakçılarına təqdim ediblər.Yekunda layihə rəhbəri İradə Rizazadə layihənin icrası zamanı göstərilən dəstəyə görə Binəqədi rayon İcra Hakimiyyətinin rəhbərliyinə və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəhbərliyinə və kollektivinə öz təşəkkürünü bildirib.