Əməkdar artist Aybəniz Haşımova “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin qonağı oldu.
12 avqust 2017-ci il tarixdə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində Gənclər üçün Təhsil Mərkəzinin təşkilatçılığı ilə vətəndaş cəmiyyətində qızların iştirakının artırılması, cəmiyyətin müxtəlif sahələrində uğur əldə edən xanımların bilik və təcrübələrinin təbliğinə hesablanmış "Qızlar Seminariyası" layihəsi çərçivəsində tədbir keçirilmişdir.
Tədbirdə əməkdar artist Aybəniz Haşımova, Binəqədi rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Ülviyyə Usubova, Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə və layihə iştirakçısı olan gənc xanımlar iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirmişdir ki, Azərbaycan qadını tarixin bütün dövrlərində qəhrəmanlığı, zəngin mənəvi keyfiyyətləri ilə hər zaman fərqlənib. Bu gün Azərbaycan qadınları dövlətimizin ictimai-siyasi həyatında fəal iştirak edir. Belə xanımlardan biri də Azərbaycan Respublikasının əməkdar artisti, mədəniyyətimizin fəal təbliğatçısı Aybəniz xanım Haşımovadır.
Sonra Aybəniz Haşımova keçdiyi həyat yolundan, həyat yoldaşı şəhid Xalid Quliyevin torpaqlarımızın ərazi bütövlüyü uğrunda apardığı mübarizədən söhbət açmışdır. Əməkdar artist mədəniyyətimizin təbliği ilə yanaşı hər il müxtəlif ölkələrdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyasında fəal iştirak etmək istiqamətində gənc xanımları maarifləndirmişdir.
Qeyd edək ki, iki ay davam edəcək layihədə dövlət və özəl sektorda çalışmaq istəyən xanımların idarəetmə bacarıqlarına yiyələnməsi istiqamətində təlimlər keçiriləcəkdir.