Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Didərginlik şəraitində qadınların səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində maarifləndirici təlim keçirildi

29 sentyabr 2017 | 11:00
29 sentyabr 2017-ci il tarixdə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin dəstəyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Gənclər və İdman Nazirliyi, Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Didərginlik şəraitində qadınların səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində məcburi köçkünlər üçün maarifləndirici təlim keçirildi.
Tədbirdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Furio de Angelis, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Gənclər və İdman nazirinin köməkçisi Arzu Məmmədova, məcburi köçkünlər iştirak etdilər.
Əvvəlcə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva tədbiri giriş sözü ilə açaraq, qonaqları və tədbir iştirakçılarını salamladı. Layihənin aktuallığına diqqət çəkən natiq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinin təxminən 20 faizinin işğal edilməsi və nəticədə bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsindən danışdı.
Sonra çıxış edən digər şəxslər - Furio de Angelis, Ombudsman Elmira Süleymanova, Arzu Məmmədova  - qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, xüsusilə də didərginlik şəraitində qadınların qarşılaşdıqları problemlər və bunun həlli yolları barədə fikirlərini səsləndirdilər. 
Ombudsman Elmira Süleymanova Ermənistanın işğalçı siyasətinin insanlara vurduğu psixoloji-mənəvi zərbənin fəsadlarını xüsusi vurğulayaraq, dünya ictimaiyyətini bu məsələyə laqeyd qalmamağa səslədi. Eyni zamanda Ombudsman məişət zorakılığı, qadınların hüquqlarının müdafiəsi və onların cəmiyyətdə layiqli yer tutması üçün ölkədə həyata keçirilən sosial islahatlar barədə də ətraflı məlumat verdi.
Çıxışlardan sonra qonaqlar iştirakçıların suallarını cavablandırdılar. Layihə çərçivəsində çap edilmiş maarifləndirici vəsaitlərin paylanılması və mövzu ətrafında praktiki təlimlə tədbirə yekun vuruldu.
 
 
 
 
 
 
Keçidlər