Şriftin ölçüsü :

Saytın rəngi :

“Yeni Azərbaycan Partiyası milli-mənəvi dəyərlərimizin daşıyıcısı kimi” mövzusunda tədbir keçirildi

03 oktyabr 2017 | 11:00
3 oktyabr 2017-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 3123 ünvanlı ərazi ilk partiya təşkilatında (283 saylı tam orta məktəb) Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə “Yeni Azərbaycan Partiyası milli-mənəvi dəyərlərimizin daşıyıcısı kimi” mövzusunda tədbir keçirildi.
Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədr müavini Hüseyn Əsgərov,  283 saylı tam orta məktəbin direktoru, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədr müavini Tünzalə Zeynalova, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, Gənclər Birliyinin sədrinin səlahiyyətlərini icra edən Fəsli Nəbiyev, partiyanın fəalları iştirak etdilər.
Tədbir başlamazdan öncə məktəbin foyesində Yeni Azərbaycan Partiyasının və ulu öndər Heydər Əliyevin fəaliyyətini, Binəqədi rayonunun nümayəndə heyətinin Cocuq Mərcanlıya səfərini əks etdirən foto stendlərə baxış keçirildi.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlandı.
Tədbiri giriş nitqi ilə açan Tünzalə Zeynalova qonaqları və tədbir iştirakçılarını salamladı. O, 283 saylı tam orta məktəbdə Yeni Azərbaycan Partiyasının 25 illiyinin qeyd olunmasını əlamətdar hadisə adlandırdı.
Daha sonra 283 saylı tam orta məktəbin tarix müəllimi Rəhilə Heydərli çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranması və ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı haqqında geniş tarixi arayış verdi. Bildirdi ki, Yeni Azərbaycan Partiyasının yaranması və Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı xalqımızın yoluna işıq saçdı. Partiya müxalifət partiyası olaraq yaranmasına baxmayaraq qısa müddət ərzində xalqın inamını qazandı və iqtidar partiyasına çevrildi. Bununla da Azərbaycan dövləti və xalqı məhv olmaq təhlükəsindən xilas oldu. Sabit dövlətçilik ənənələri quruldu və müstəqilliyimiz daha da möhkəmləndirildi.
Tədbirdə çıxış edən Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi, Prezident mükafatçısı Elvin Aslanov Azərbaycanda uğurla həyata keçirilən təhsil siyasətindən və gənclər siyasətindən geniş bəhs etdi. Bildirdi ki, məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində yüzlərlə gəncimiz istər SSRİ, istərsə də müstəqillik dövründə xarici ölkələrin ən nüfuzlu ali məktəblərində təhsil aldılar.  Gənclərimizin yüksək təhsil almaları ilə yanaşı, onların hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atıldı. Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun yaradılması, gənclər forumlarının yüksək səviyyədə keçirilməsi deyilənlərin əyani sübutudur. Təbii ki, bütün bunlar gənclərimizi dövlət başçısı cənab İlham Əliyevin ətrafında daha da sıx birləşməyə və gələcəyə doğru uğurla irəliləməyə sövq edir.
Tədbirdə çıxış edən 2017-ci ildə keçirilən qəbul imtahanında 682 bal toplayaraq Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olan, Prezident təqaüdçüsü Aytac Məmmədova əldə etdiyi uyğurlara görə prezident İlham Əliyevə öz təşəkkürünü bildirdi.
Daha sonra Hüseyn Əsgərov milli-mənəvi dəyərlərimiz mövzusunda geniş çıxış etdi. Qeyd etdi ki, hər bir xalqın inkişafı və təşəkkülü onun milli-mənəvi dəyərlərinə necə sahib çıxmasından və onu necə qorumasından asılıdır. Azərbaycanın milli-mənəvi dəyərləri daim qorunmalı və gələcək nəsillərə ötürülməlidir. Təbii ki, milli-mənəvi dəyərlərimizin ən mühüm göstəricisi ana dilimizdir. Bu baxımdan doğma dilimizi qorumaqla yanaşı, onun zənginliyinin təbliğində də var gücümüzlə çalışmalıyıq. Hüseyn Əsgərov həmçinin ulu öndər Heydər Əliyevin siyasi rəhbərliyi ilə ölkəmizdə əldə olunan nailiyyətlərə diqqət yönəltdi. 1994-cü ildə atəşkəsin və “Əsrin Müqaviləsi”nin imzalanmasını, 1995-ci ilin 12 noyabrında Konstitusiyamızın qəbul olunmasını mühüm uğur kimi qiymətləndirdi.
Tədbirdə yekun nitq söyləyən Ramiz Göyüşov Yeni Azərbaycan Partiyasının 25 illiyinin silsilə tədbirlərlə qeyd ediləcəyini və bu gündən etibarən bu tədbirlərə start verildiyini bildirdi. Yeni Azərbaycan Partiyasının 25 illik yubileyinin yüksək səviyyədə və təntənəli qeyd edilməsi məqsədilə partiyanın Binəqədi Rayon təşkilatı Tərəfindən müvafiq tədbirlər planının hazırladığını vurğuladı. Ramiz Göyüşov Yeni Azərbaycan Partiyasının yaranması tarixindən, onun Proqram və Nizamnaməsindən geniş bəhs etdi. Partiyanın 6 ideoloji prinsipi içərisində Azərbaycançılıq və Vətənçiliyin xüsusi əhəmiyyət daşıdığını qeyd etdi. Bu ideoloji prinsiplərin milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olaraq daim təbliğ olunmasının önəmini diqqətə çatdırdı. Bizlər bəşəri olmaqla yanaşı, milliyimizi, milli-mənəvi dəyərlərimizi yaşatmalı, onları yad təsirlərdən qorumalı və gənc nəsli bu ruhda tərbiyə etməliyik. Sədr sonda partiyanın yubileyi münasibətilə üzvləri təbrik etdi.
Tədbirdə Yeni Azərbaycan Partiyası sıralarına üzv qəbul olunan şəxslərə partiya üzvlük vəsiqələri təqdim edildi.
Tədbir şagirdlərin ifasında bədii proqramla başa çatdı.

Keçidlər