Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasınn yaranmasının 25 illiyi ilə əlaqədar Bakı Humanitar Kollecində tədbir keçirildi

06 oktyabr 2017 | 11:00
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı tərəfindən Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi ilə əlaqədar Bakı Humanitar Kollecində tədbir keçirildi.
Tədbirdən öncə kollecin tələbələrinin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirildi.
Daha sonra tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlandı. Geniş bədii proqramla davam edən tədbirdə kollecin istedadlı tələbələri Yeni Azərbaycan Partiyasına, ulu öndər Heydər Əliyevə və Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə, eləcə də vətənpərvərliyə həsr olunmuş mahnılar, xor ifaları və şeirlər səsləndirdilər. Bədii proqramda xorda “Ulu öndər”, 2013-cü ildə keçirilən muğam televiziya müsabiqəsinin qalibi Ramiz Bayramovun ifasında “Azərbaycan”, xalq artisti Mübariz Tağıyevin ifaları, “Azərbaycan oğluyam”, “Mənim Azərbaycanım” və s. mahnılar, eləcə də yallı rəqsi nümayiş etdirildi.
Bədii proqram başa çatdıqdan sonra tədbirdə çıxış edən Bakı Humanitar Kollecinin tərbiyə işləri üzrə prorektoru Əsəd İbrahimov qonaqları salamlayaraq tədbirin keçirilməsində əsas məqsədin Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi ilə əlaqədar olduğunu söylədi. Bildirdi ki, bu partiya tarixi zərurətdən yaranıb və çox böyük sınaqlarla üz-üzə qalan Azərbaycan xalqını düşdüyü ağır vəziyyətdən xilas edib. O, Yeni Azərbaycan Partiyasının 1992-ci ilin 21 noyabrında Naxçıvanda təsis konfransının keçirildiyini və 550 nəfər Azərbaycan ziyalısının xahişi ilə ulu öndər Heydər Əliyevin bu partiyaya sədr seçildiyini qeyd etdi. Daha sonra ölkəmizdə müxtəlif vaxtlarda keçirilən prezident, parlament və bələdiyyə seçkilərində xalqın inamı və etimadı nəticəsində Yeni Azərbaycan Partiyasının qələbə qazandığını bildirdi. Bir sözlə, Yeni Azərbaycan Partiyasının yaranması ilə Azərbaycan xalqı özünün nicat yolunu tapdı.
Tədbirdə yekun nitq söyləyən Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov Azərbaycanın dövlətçilik tarixinə nəzər saldı. Ölkəmizin zəngin və qədim tarixə malik olduğunu, müxtəlif vaxtlarda amansız işğallara məruz qaldığını söylədi. 1918-ci ildə müstəqilliyini bəyan edən ölkəmizin cəmi 23 ay ömür sürdüyünü və Sovet imperiyasının yenidən ağır işğalına məruz qaldığını qeyd etdi. 71 illik istiladan sonra 1991-ci ildə Azərbaycanın müstəqillinə qovuşduğunu diqqətə çatdırdı. Yenicə müstəqillik qazanmış ölkəmizin çox çətin günlər yaşadığını, ağır təhlükələrlə üz-üzə qaldığını bildirdi. Belə bir vəziyyətdə dövlətinin və xalqının əsl siyasi rəhbərə, xilaskara ehtiyacı olduğunu söylədi. Məhz dahi şəxsiyyət Heydər Əliyevin əsl xilaskarlıq missiyası ilə xalqının çətin günündə onun yanında oldu, problemlərinin həlli üçün bütün gücünü səfərbər etdi. Yeni Azərbaycan Partiyasının yaranması, təşəkkülü və uğurlu fəaliyyəti ümummilli lider Heydər Əliyevin dövləti və xalqı qarşısında misilsiz xidmətlərinin bariz nümunəsidir. Daha sonra Yeni Azərbaycan Partiyasının tarixindən, siyasi ideoloji prinsiplərindən, Nizamnamə və Proqramından bəhs etdi. Sədr həmçinin dünyadakı geosiyasi proseslərə toxunaraq Azərbaycanın davamlı inkişafına kölgə salmaq istəyən qüvvələrin pozucu fəaliyyətindən danışdı. Bütün gənclərimizi ayıq-sayıq olmağa, düşmənlə mübarizədə daha qətiyyətli olmağa çağırdı. Bakı Humanitar Kollecin uğurlu fəaliyyətinə də diqqət yönəldərək bu təhsil ocağının istedadlı tələbələr yetişdirdiyini və partiyanın tədbirlərində, ictimai işlərində yaxından iştirak etdiklərini vurğuladı. Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi ilə əlaqədar partiya üzvlərini təbrik edərək onlara uğurlar arzu etdi.
 
 
 
 
 
 
 
 
Keçidlər