Şriftin ölçüsü :

Saytın rəngi :

“Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində “Ziyalı sözü” layihəsinin ilk tədbiri keçirildi

07 oktyabr 2017 | 11:00
7 oktyabr 2017-ci il tarixində “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində “Gənclər üçün Təhsil Mərkəzi” (GTM) və “Azərbaycan Yazıçılar Birliyi”nin birgə təşkilatçılığı ilə “Ziyalı sözü” layihəsinin ilk tədbiri keçirildi.
Tədbirdə “Azərbaycan Yazıçılar Birliyi”nin Gənclərlə iş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru, şair və publisist Rəşad Məcid, Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri Fəxrəddin Həsənzadə, Gənclər üçün Təhsil Mərkəzinin üzvləri, Azərbaycan Dillər Universitetinin tələbələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Gənclər üçün Təhsil Mərkəzinin və layihənin rəhbəri Fəxrəddin Həsənzadə layihənin məqsədi haqqında geniş məlumat verdi, Rəşad Məcidin yaradıcılığından söz açdı: “Bu zamana qədər biz bir çox ziyalılarımız, millət vəkillərimizlə görüşlər təşkil etmişik. Sonradan “Ziyalı sözü” adlı layihə təşkil etmək qərarına gəldik. Layihənin ilk qonağını isə təhsil mərkəzimizin üzvləri özləri səsvermə yolu ilə seçiblər. Bu, heç də təsadüfi deyil. Rəşad Məcid həm şair, həm də şəxsiyyət kimi gənclər üçün maraqlı və örnək ziyalılarımızdandır”.
Həm Azərbaycan Yazıçılar Birliyində, həm də “525-ci qəzet”də gənclərlə birgə işlədiyini deyən Rəşad Məcid bu gün də gənclərlə görüşdən məmnunluq duyduğunu deyib: “25 il öncə noyabrın 17-də “525-ci qəzet” ilk dəfə dərc olunanda mən gənclərə müraciət edərək demişdim ki, bu qəzet gənclərin qəzetidir, hər zaman istedadlı gənclərin üzünə açıq olacaq. 25 il keçməsinə baxmayaraq, bu günün özündə də bütün nəsillərin dəyərli yazıları qəzetimizdə məmnuniyyətlə çap olunur. Mənim, gənclərlə işləyən biri kimi, onlarda ən çox qiymətləndirdiyim cəhət istedad, bilik, savad, əzmkarlıq, zəhmətkeşlikdir”.
Sonra qonaq tədbir iştirakçılarının suallarını cavablandırdı, görüş diskussiya şəklində davam etdirildi. Görüşdə şairin “Bir də gəlməyəcək”, “Yaxşı ki...” şeirləri səsləndirildi, sonda Rəşad Məcid özünün imzalı kitablarını gənclərə hədiyyə etdi.
 
Keçidlər