Şriftin ölçüsü :

Saytın rəngi :

“İdrak” liseyində Yeni Azərbaycan Partiyasının 25 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

20 oktyabr 2017 | 11:00
20 oktyabr 2017-ci il tarixində “İdrak” liseyində Yeni Azərbaycan Partiyasının 25 illik yubileyinə həsr olunmuş “25 il Azərbaycan naminə” adlı tədbir keçirildi.
Tədbirdən öncə şagirdlərin rəsmlərindən ibarət sərgi və “İdrak” liseyi nümayəndə heyətinin Cocuq Mərcanlıya səfərini əks etdirən foto stendə baxış keçirildi.
Tədbiri giriş sözü ilə açan liseyin təsisçisi, professor Mönsüm Alışov qonaqları, tədbir iştirakçılarını salamladı və qeyd etdi ki, Yeni Azərbaycan Partiyası ölkəmizin keşməkeşli bir dövründə yaranmışdır. Dağılmaqda olan ölkəni xilas etmək üçün 91 nəfər ziyalının Heydər Əliyevə müraciət ünvanlaması, Yeni Azərbaycan Partiyasının təsis olunaraq Heydər Əliyevin sədr seçilməsi milli dövlətçiliyimiz üçün mühüm dönüş nöqtəsi oldu. Ümummilli lider Heydər Əliyevin zəngin təcrübəsi, müstəqil dövlət quruculuğu yolunda gərgin fəaliyyəti Azərbaycanın gələcək taleyini müəyyənləşdirdi.
Ulu öndərin layiqli davamçısı, ölkə başçısı cənab İlham  Əliyevin həyata keçirdiyi siyasət sayəsində Azərbaycan inkişaf edərək regionun lider dövlətinə çevrildi. Ölkəmizin iqtisadi cəhətdən güclənməsi əhalinin sosial şəraitinin yaxşılaşmasına səbəb oldu.
Daha sonra həmin hadisələrin bilavasitə iştirakçısı olmuş, 91 ziyalıdan biri,  professor Şahlar Əsgərov çıxış edərək, Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolundan bəhs etdi. O, Ulu Öndərin təhsil sahəsinə göstərdiyi diqqətin sayəsində “İdrak” liseyi kimi nümunəvi təhsil ocaqlarının yaranmasından danışdı. Şahlar Əsgərov qeyd etdi ki, “İdrak” liseyində şagirdlərə Heydər Əliyev ideyaları, azərbaycançılıq məfkurəsi aşılanır, hərtərəfli inkişaf etmiş gənclər yetişdirilir.
Sonra ədəbi-bədii kompozisiya təqdim edildi. Xalq artisti Məleykə Əsədovanın ifasında Ulu Öndərə həsr olunmuş şeirlər tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. Şagirdlərin təqdim etdikləri mahnı, rəqs və şeirlər tədbiri daha da yaddaqalan etdi.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov çıxış edərək Binəqədi Rayon İcra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun salamlarını və təbriklərini çatdırdı. Daha sonra sədr qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının yaranması, təşəkkülü və uğurlu fəaliyyəti ümummilli lider Heydər Əliyevin dövləti və xalqı qarşısında misilsiz xidmətlərinin bariz nümunəsidir. Daha sonra Yeni Azərbaycan Partiyasının tarixindən, siyasi ideoloji prinsiplərindən, Nizamnamə və Proqramından bəhs etdi. Sədr həmçinin dünyadakı geosiyasi proseslərə toxunaraq Azərbaycanın davamlı inkişafına kölgə salmaq istəyən qüvvələrin pozucu fəaliyyətindən danışdı. İdrak liseyinin uğurlu fəaliyyətinə də diqqət yönəldərək bu təhsil ocağının istedadlı şagirdlər yetişdirdiyini və partiyanın tədbirlərində, ictimai işlərində yaxından iştirak etdiklərini vurğuladı. Liseyin rəhbərliyinə və kollektivinə yubiley tədbirinin yüksək səviyyədə keçirildiyinə görə minnətdarlığını bildirdi və Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi ilə əlaqədar partiya üzvlərini təbrik edərək onlara uğurlar arzu etdi.
Daha sonra professor Mönsüm Alışov şagirdlərin hazırladıqları əl işini Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədrinə hədiyyə etdi.
Sonda sərgidə əsərləri nümayiş olunan şagirdlərə diplomlar tədim edildi və xatirə şəkilləri çəkildi.
 
 
 
 
 
 
 
 
Keçidlər