Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Yerli Demokratiya Həftəsi” çərçivəsində tədbir keçirildi

30 oktyabr 2017 | 11:00
2017-ci il oktyabrın 30-da Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının akt zalında Azərbaycanda “Yerli Demokratiya Həftəsi”nin 10 illiyi çərçivəsində “Yerli demokratiyanın inkişafı naminə vətəndaşların iştirakı, maarifləndirilməsi və öhdəlikləri” devizi altında “Bələdiyyələr demokratik sistemin özəyi kimi” mövzusunda tədbir keçirildi.
Tədbirdə Milli Məclisin Regional məsələlər Komitəsinin üzvü, Millət vəkili Kamran Bayramov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov, Azərbaycan Şəhər, Qəsəbə, Kənd Bələdiyyələri Milli Asossiasiyalarının, Müxtəlif Qeyri-Hökumət təşkilatlarının, Kütləvi-İnformasiya vasitələrinin nümayəndələri, Binəqədi rayonunda fəaliyyət göstərən bələdiyyələrin sədrləri, üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və seçicilər iştirak etdilər.
Görüşü giriş sözü ilə açan M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov “Yerli Demokratiya Həftəsi”nin yaranma tarixindən, ötən 10 il müddətində görülən işlərdən  danışaraq bildirdi ki, əsası ilk dəfə 2007-ci ilin oktyabr ayının 15-də İspaniyanın Valensiya şəhərində keçirilmiş Avropa Şurası Yerli və Regional Hakimiyyətlərdə məsul nazirlərin Tədbirinin qərarı ilə start götürmüş Avropa ölkələrində “Yeli demokratiya həftələri” Azərbaycanda Milli Assosiasiyaların tövsiyələri əsasında 2007-ci ilin noyabr ayında keçirilməyə başlanmışdır. 2008-ci ildə Yevlax şəhərində keçirilmiş bələdiyyə sədrlərinin II Ümumrespublika Toplantısında “Yerli Demokratiya Həftə”sinin hər il təşkil olunması barədə bir daha qərar qəbul edilmiş və hazırda bu tədbir uğurla davam etməkdədir.
Rayon bələdiyyələri tərəfindən “Bir bələdiyyə-azı bir layihə” təşəbbüsü çərçivəsində həyata keçirilmiş çoxsaylı layihələr barədə danışan Hümbət Hüseynov daha sonra bələdiyyələrdə vergi və rüsumların yığımının təşkili, mövcud problemlər və onların həlli yolları istiqamətində görülən işlər barəsində  ətraflı məlumat verdi.
Sonra çıxış üçün söz Binəqədi rayon bələdiyyəsinin sədri Sitarə Cabbarlıya verildi. O da öz növbəsində bələdiyyələrin sosial şəbəkələrdə rolu və məhəllə komitələrinin işinin təşkili və fəaliyyəti barədə məlumat verdi.
Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva bələdiyyələrin inkişafında beynəlxalq təcrübənin əhəmiyyəti, Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev bələdiyyələrdə vətəndaş müraciətlərinə baxılması, onlar tərəfindən yaşayış məhəllələrində vətəndaşlarla keçirilən səyyar görüşlərin əhəmiyyəti və Xocasən bələdiyyəsinin sədri Anar Abbasov bələdiyyələrin ictimai və humanitar sektorların  fəaliyyəti barədə  ətraflı məlumat verdilər.
Sonra Milli Məclisin üzvü Kamran Bayramov çıxış edərək bildirdi ki, beynəlxalq təcrübədən bəhrələnərək ölkədə yerli özünüidarəetmə orqanlarının rolu gündən-günə artmaqdadır. Bu istiqamətdə yerli özünüidarəetmə orqanlarında demokratiyanın inkişafı sahəsində aparılan işi müsbət qiymətləndirir və mövcud beynəlxalq təcrübədən  mütəmadi istifadə etməyi təklif etdi. Daha sonra bələdiyyələrdə aparılan islahatlardan,  “Yerli demokratiyanın inkişafı naminə vətəndaşların iştirakı, maarifləndirilməsi və öhdəlikləri”ndən danışan Kamran Bayramov Binəqədi bələdiyyələrinin bu istiqamətdə gördüyü işləri müsbət qiymətləndirdi.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov bələdiyyələrin Binəqədi rayonunun həyatındakı rolu, vətəndaş-bələdiyyə münasibətlərindən, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə bələdiyyələr tərəfindən görülən işlər və bələdiyyələrlə qarşılıqlı münasibətlərdən danışdı.
İşgüzar  və qarşılıqlı dialoq  şəklində keçən tədbirin sonunda Milli Məclisin deputatı Kamran Bayramov və bələdiyyə sədrləri tədbir iştirakçılarını maraqlandıran sualları  cavablandırdı.
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər