Binəqədi rayonunda “Zəfər günlərimin şahidi – Bayraq!” adlı tədbir keçirildi
09 noyabr 2017 | 11:00
8 noyabr 2017-ci il tarixdə Binəqədi rayonu ərazisində fəaliyyət göstərən 26 saylı musiqi məktəbinin inzibati binasında 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Gənclər və İdman İdarəsi və M.Maqomayev adına 26 saylı musiqi məktəbinin birgə təşkilatçılığı ilə “Zəfər günlərimin şahidi – Bayraq!” adlı tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəis müavini Nazim Əliyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, rayon ictimaiyyəti, ASAN Könülləri və rayonun fəal gəncləri iştirak etdilər.
Tədbir ilk olaraq qədim dövlət bayraqlarından və rəsm əsərlərindən ibarət sərgi ilə start götürdü. Daha sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi və sonra tədbirin aparıcısı Dövlət bayrağının yaranma tarixi haqqında məlumat verdi.
Daha sonra çıxış edənlər Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəis müavini Nazim Əliyev və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov bu əlamətdar günün tarixi haqqında geniş danışaraq bu gözəl bayram münasibətilə tədbir iştirakçılarını təbrik etdilər.
Sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxışında ölkəmizdə dövlət rəmzlərinə olan münasibətə diqqət çəkdi. Yeniyetmə və gənclərə bayraq sevgisinin daha geniş şəkildə aşılanmasının vacibliyindən danışan natiq ümummilli lider Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin dövlət rəmzlərinə, o cümlədən Dövlət Bayrağımıza olan münasibətinin hər bir vətəndaş üçün nümunə olduğunu nəzərə çatdırdı.
Çıxışlardan sonra tədbirin bədii hissəinə start verildi və Bayraq şeirləri səsləndi, rayonun yaradıcı gənclərinin ifasında mahnılar və rəqslər nümayiş edildi.
Tədbirin sonunda “Azərbaycan” mahnısı ifa edildi və tədbir atəşfəşanlıqla yekunlaşdı.