Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş təntənəli tədbir keçirildi.

17 noyabr 2017 | 11:00
17 noyabr 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş təntənəli tədbir keçirildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Milli Məclisin komitə sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini, YAP Siyasi Şurasının üzvü Firdovsi Əliyev, millət vəkilləri Kamaləddin Qafarov, Azay Quliyev, YAP Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon Təşkilatının sədri Aydın Hüseynov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, “İki Sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Əvəz Qocayev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Binəqədi rayon ictimaiyyətinin ziyalıları və YAP-ın fəalları iştirak etdilər.Tədbiri giriş nitqi ilə açan YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov qonaqları salamlayaraq qeyd etdi ki, 25 il bundan öncə Yeni Azərbaycan Partiyasının təsis edildiyi bu günlərdə Azərbaycan dərin ictimai-siyasi böhran məngənəsində çabalayırdı. Bir tərəfdən ölkədə hakimiyyəti zəbt edən anti-milli, bacarıqsız, lakin özündən müştəbeh rəhbərlərin səriştəsizliyi, bir tərəfdən ölkənin şimalında və cənubunda baş verən separatçılıq meylləri, bir tərəfdən ölkəmizdə baş verən vətəndaş müharibəsi, cəbhə xəttindəki uğursuz əməliyyatlar və torpaqlarımızın işğalına səbəb olmuş, yenicə müstəqilliyini bərpa etmiş, onsuz da son dərəcə kövrək olan müstəqilliyimizi təhlükə altına salmışdı. Ölkədə bir xaos hökm sürür, əhali arasında sabaha ümidsizlik və ruh düşkünlüyü yaranmışdır. Belə bir zamanda ölkə əhalisinin əksər hissəsinin bircə ümidi, son ümidi o zaman Naxçıvanda yaşayan Heydər Əliyevə dikilmişdi. Hər zaman olduğu kimi, bu dəfə də ulu öndər dövlətin ağır günündə xalqın təkidli çağırışlarına biganə qalmadı. Bax o zaman ulu öndər ölkən ziyalılarının çağırışına səs verdi və Yeni Azərbaycan Partiyası yarandı. 1992-ci ildə müxalifətdə olan partiya 1993-cü ilin iyulunda hakimiyyətə gəldi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ümumilli lider Heydər Əliyev ilk növbədə, ölkədə hökm sürən xaos və anarxiyanın qarşısını alıb, vətəndaş qarşıdurmasını aradan qaldırdı. Ramiz Göyüşov tarixi hadisələr barədə geniş arayış verərək bu gün ölkəmizin sürətlə inkişaf etdiyini və dünyanın böyük nüfuz, söz sahibi ölkələrindən biri olduğunu diqqətə çatdırdı. Çıxışının sonunda partiya üzvlərini təbrik edərək onlara ictimai-siyasi işlərində uğurlar arzu etdi.Tədbirdə çıxış edən Milli Məclisin komitə sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov YAP-ın yaradılmasının tarixi zərurət olduğunu bildirərək tarixi hadisələrə nəzər saldı. Birbaşa iştirakçısı olduğu və ulu öndər Heydər Əliyevlə birlikdə çalışdığı zamanlarda baş verən hadisələrdə xalqımızın və dövlətimizin son dərəcə ağır sınaqlarla üz-üzə qaldığını bildirdi. Mövcud siyasi vəziyyətin dövlətçiliyimizə təhlükə yaratdığını və o zamankı hakimiyyətin səriştəsiz, xalqı uçuruma aparan yarıtmaz siyasətindən danışdı. Ulu öndər Heydər Əliyevə olan təhlükələrdən və təzyiqlərdən bəhs etdi. Dahi şəxsiyyətlə olan xatirələrini dilə gətirən Eldar İbrahimov xalqın düşdüyü ağır və çətin vəziyyətdən çıxaracaq siyasi liderə ehtiyac duyduğunu bildirdi. Bu partiyanın yaradılması ilə bütün təhlükələrin aradan qaldırıldığını və ümummilli lider Heydər Əliyevin sonralar müəyyənləşdirdiyi uğurlu siyasi strategiya nəticəsində davamlı və məqsədyönlü inkişafa nail olunduğunu vurğuladı. Eldar İbrahimov həmçinin gənclərə səslənərək ulu öndərin ideyaları və dövlət başçısı, YAP-ın sədri cənab İlham Əliyevin ətrafında sıx birləşməyə və onu dəstəkləməyə çağırdı.Tədbirdə çıxış edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini, YAP Siyasi Şurasının üzvü Firdovsi Əliyev YAP-ın 25 illiyinə həsr olunmuş tədbirdə iştirak etməkdən böyük qürur hissi duyduğunu bildirdi. Qeyd etdi ki, bu gün ölkəmizdə əldə olunan inkişaf və tərəqqi əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan siyasətin bariz nəticəsidir. Yeni Azərbaycan Partiyasının öz fəaliyyətinin əsas qayəsini təşkil edən Heydər Əliyev və dövlətçilik ideologiyasına sədaqətindən bəhs edərək bu uğurda partiyanın misilsiz və danılmaz xidmətləri olduğunu bildirdi.Tədbirdə həmçinin çıxış edən millət vəkili Kamaləddin Qafarov 1990-cı illərin əvvəllərində Naxçıvanda baş verən tarixi hadisələrə diqqət yönəldərək ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin dövlətçiliyimizin daha da möhkəmləndirilməsi və inkişafı istiqamətində yorulmaz fəaliyyətindən danışdı. Ümummilli liderə xalq sevgisindən, dahi şəxsiyyətə xalqın böyük inam və etimadından bəhs etdi. O inam və etimadın bu gün də davam etdiyini və dövlət başçısı, YAP-ın sədri cənab İlham Əliyevin ulu öndərin ideyalarını layiqincə davam etdirdiyini vurğuladı.Tədbirdə yekun nitq söyləyən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Azərbaycanın şanlı siyasi tarixində bir sıra mühüm və əlamətdar hadisələrin baş verdiyini, lakin bu hadisələrdən birini ümumxalq partiyası olan YAP-ın yaradılması təşkil etdiyini bildirdi. Yeni Azərbaycan Partiyasının yaradılması tariximizdə dərin izlər qoyub, çünki bu partiyanın yaradılması və uğurlu siyasi fəaliyyət göstərməsi ilə ölkəmiz xaos və hərc-mərclikdən xilas oldu, vətəndaş müharibəsinin qarşısı alındı, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə qarşı-qarşıya qalan Azərbaycan xilas olundu, ölkəmizə demokratik ənənələr gətirildi. Bir sözlə, bu partiyanın yaradılması ilə ölkəmiz tənəzzüldən azad olaraq tərəqqi yoluna qədəm qoydu. Dövlət idarəçiliyində milli maraqlarımız ön plana keçdi. Bu gün də dövlətimizin keşiyində duran YAP-ın müstəqil Azərbaycanın siyasi tarixində misilsiz rolu var. Xaləddin İsgəndərov bildirdi ki, tarix özü YAP-ın ümumxalq partiyası olduğunu sübuta yetirdi. Ötən müddət ərzində partiyamız dövlətimiz və cəmiyyətimizin inkişafına misilsiz, layiqli töhfələr verdi. Sevindirici və qürurverici haldır ki, bu gün YAP ümummilli liderimiz Heydər Əliyevin ideyaları əsasında gündən-günə inkişaf edir. Xaləddin İsgəndərov çıxışının sonunda bütün YAP üzvlərini partiyanın yaradılmasının 25 illiyi münasibətilə təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzuladı.Tədbir çıxışlardan sonra Yeni Azərbaycan Partiyasının yaranmasına, ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinə, eləcə də YAP Binəqədi rayon Təşkilatı tərəfindən görülən işlərə həsr olunmuş videoçarxın nümayiş etdirilməsi ilə davam etdirildi.Daha sonra tədbirdə Binəqədi rayonunun tam orta ümumtəhsil məktəblərinin şagirdləri arasında YAP-ın yaradılmasının 25 illiyi ilə əlaqədar keçirilən “25 il Azərbaycan naminə” adlı intellektual yarışında qalib gələrək I, II və III yerlərə layiq görülmüş məktəblərin komanda kapitanları təltif edildilər. Yeni Azərbaycan Partiyası sıralarına yeni üzv qəbul edilən bir qrup gəncə partiya üzvlük vəsiqələri təqdim edildi. Yeni Azərbaycan Partiyasının 25 illiyi münasibətilə YAP Binəqədi rayon Təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı Fəxri Fərmanla təltif edildilər.Tədbir rəsmi hissəsi bitdikdən sonra bədii hissə ilə davam etdirildi. Bədii hissədə YAP-a, ümummilli lider Heydər Əliyevə və vətənpərvərliyə həsr olunmuş mahnılar, şeirlər səsləndirildi, rəqslər ifa edildi. Bədii hissə xalq artisti Mübariz Tağıyevin ifaları ilə yekun vuruldu.Tədbirin sonunda qonaqlar xatirə şəkli çəkdirdilər.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər