2025-2026-cı tədris ilinin başa çatması münasibətilə Binəqədi rayonunun orta ümumtəhsil müəssisələrində “Son zəng” tədbirləri keçirildi
13 iyun 2026-cı il tarixində 2025-2026-cı tədris ilinin başa çatması münasibətilə Binəqədi rayonunun orta ümumtəhsil müəssisələrində “Son zəng” tədbirləri keçirildi.
Binəqədi rayonu 283 № li tam orta məktəbdə keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Nicat Allahverdiyev, sektorun baş məsləhətçisi Elnur Məmmədov, məktəbin şəhid məzunu Rəşad Ağayevin atası Rövşən Ağayev, məktəb rəhbərliyi, müəllimlər, məzunlar və valideynlər iştirak etdilər.
Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyimiz, suverenliyimiz, uğrunda canlarından keçərək ən uca zirvə-şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Tədbiri giriş nitqi ilə açıq elan edən məktəbin direktoru Nuridə Qarayeva məzunlara gələcək həyatlarında uğurlar dilədi və 2025-2026-cı tədris ili ərzində şagirdlərin əldə etdiyi uğurlar haqqında iştirakçılara ətraflı məlumat verdi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova məzunları təbrik edərək qeyd etdi ki, ölkəmizdə təhsilin dünya standartları səviyyəsində qurulması dövlətin diqqət və qayğısı nəticəsində reallaşır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə gənc nəslin sağlam və savadlı yetişməsi üçün həyata keçirilən tədbirlərin sayəsində bu gün bütün təhsil müəssisələrində çalışan pedaqoji kollektiv, eləcə də şagirdlər bu qayğının əhatəsindədir. Məhz yaradılan şərait, göstərilən diqqət və qayğı müəllim və şagirdlərimizə göstərilən etimad və onlara verilən dəyərin təzahürüdür.
Daha sonra çıxış edən şəhid atası rövşən Ağayev məzunlara gələcək həyatlarında uğurlar arzulayıb, onlara səmimi tövsiyələrini çatdırdı.
Məktəbin müəllimi Günay Məmmədovanın rəhbərliyi ilə məktəbin xor qrupunun ifası, məzunların təqdim etdiyi rəqs nümunələri və fləşmoblar, eləcə də birinci sinif şagirdlərinin söylədiyi şeirlər tədbir iştirakçılarının marağına səbəb olub və alqışlarla qarşılanıb.
Məktəbin ənənəsinə uyğun olaraq “Bilik açarı” mərasimi keçirilib. XI siniflər üzrə ən yüksək nəticə göstərən məzun Busə Abbas tərəfindən simvolik açar IX sinifdə yüksək nəticələri ilə seçilən, hazırda X sinifdə təhsil alan Sahib Mahmudzadəyə təqdim olunub. Bu addım məktəbdə bilik və uğur ənənəsinin davamlılığını simvolizə edib.
Sonda ənənəvi olaraq son zəng sədaları altında XI sinif məzunları məktəb həyatı ilə vidalaşıblar. Bu an duyğulu və yaddaqalan məqam kimi yadda qalıb.









