1 dekabr “Ümumdünya QİÇS-lə mübarizə günü” münasibəti ilə yeniyetmələr və gənclər arasında maarifləndirmə tədbiri keçirildi.
Binəqədi Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Binəqədi Rayon Gənclər Evi Sosial Xidmət Müəssisəsində 1 dekabr – ümumdünya QİÇS-lə mübarizə gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir narkomaniya ilə mübarizəyə həsr olunmuş maarifləndici videonun təqdim edilməsi ilə başladı. Daha sonra tədbiri giriş sözü ilə Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov açaraq qonaqları salamladı. Çıxış edən Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzinin həkimi Cahid Cahangirli QİÇS xəstəliyinin simptonları, yoluxma ehtimalı, statistikası və onunla necə mübarizə aparmağın qaydaları haqqında təqdimat materialı ilə çıxış etdi. Təqdimatdan sonra Binəqədi Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin rəisi Elman Seyidov çıxış edərək tədbirdə iştirak edən gənclərə səsləndi və onlara öz tövsiyələrini verdi. Növbəti çıxış üçün söz Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyevə verildi. Çıxış edən Ş.Gülverdiyev bildirdi ki, QİÇS-lə mübarizədə xüsusilə gənclər daha fəal olmalı və təhsil müəssisələrində fəaliyyət göstərən psixoloqlar gənclərlə maariflənmə işini artırmalıdırlar. Çıxışlar bitdikdən sonra gənclərin sualları aidiyyəti qurumların nümayəndələri tərəfindən cavablandırıldı. Sonda “Narkomaniya ilə mübarizə mənəviyyatın xilası deməkdir” mövzusunda keçirilmiş inşa yazı və rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı və iştirakçılarla xatirə şəkli çəkdirildi.