İslam ölkələri nümayəndə heyətinin Heydər Məscidinə ziyarəti
Bakıda keçirilən "İslam Həmrəyliyinin güclənməsində medianın rolu" adlı konfrans çərçivəsində Misirdən olan media nümayəndələri Heydər Məscidində olublar. Qonaqlar Binəqədi Rayon İcra Hakimiyyətinin və məscidin nümayəndələri tərəfindən qarşılandı. İlk olaraq qonaqlara məscid barəsində ətraflı məlumat verilərək bildirildi ki, Qafqazda ən hündür minarələrə malik və tutumuna görə ön sıralarda olan Heydər Məscidi prezident İlham Əliyevin tağşırığı ilə inşa olunmuş, Abşeron memarlıq üslubunda yerli memarlar tərəfindən tikilmiş memarlıq nümunəsidir. Daha sonra qonaqlar məscidin otaqları ilə tanış oldular. “Əl-Vətən” qəzetinin və “Əl-Həyat” TV şəbəkəsinin baş redaktoru Mahmud Muslim, “Əl-Vafd” qəzetinin baş redaktoru Zəki Sədəni, “Əl-Əhram” qəzetinin baş redaktoru Muhəmməd Həbib, “Əl Əhram Əl-Məsai” qəzetinin baş redaktoru Əla Sabit, “Əl-Şuruq” qəzetinin baş redaktoru İmaduddin Həsən, “Əxbar əl-Yaum” qəzetinin baş redaktoru Rüfət Fəyyad Heydər Məscidində olmaqdan məmnunluqlarını ifadə edib, Azərbaycanın İslam dininə və tolerantlığa verdiyi töhvənin nümunəvi olduğunu qeyd etdilər. Sonda qonaqlarla birgə xatirə fotosu çəkdirildi.Qeyd edək ki, Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə “İslam həmrəyliyinin güclənməsində medianın rolu” mövzusunda konfrans çərçivəsində İslam ölkələrinin media nümayəndələri ölkəmizdə səfərdə olmuş və qonaqlar ilə Azərbaycan Respublikası Prezident Adminstrasiyasında, Bakı Dövlət Universitetinda görüşlər keçirilmişdir .