Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Binəqədi şossesində ümumilikdə 500 nəfərin iştirak etdiyi ümumrayon iməciliyi keçirildi.

16 dekabr 2017 | 11:00

Bakı şəhərində vətəndaşların rahat gediş-gəlişini təmin etmək, həmçinin yağış-kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar olaraq Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq Binəqədi şosesində yenidənqurma işləri davam etdirilir. Yenidən qurulan yolun uzunluğu 2.6 km təşkil edir. Layihə çərçivəsində yol 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağı enində bərpa olunur. Hərəkət hissəsinin eni 15 metr və 1 metr enində boya ilə xətlənmiş ayrıcı zolaq da olmaqla yolun ümumi eni 19 metr olacaq. Layihəyə uyğun olaraq vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yolun yaşayış məntəqələrindən keçən hissələrində 1.5 m enində yeni piyada səkiləri inşa olunub, kənarlarına isə səki daşları düzülüb. Tikinti işləri yekunlaşdırıldıqdan sonra zəruri olan yerlərə 100 ədəd yağış sularının kənarlaşdırması üçün yağış barmaqlıqları qoyulacaq, 150 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq. Yolun yenidən qurulması bir-neçə qəsəbəni birləşdirməklə həm yol boyu yerləşən qəsəbələrin on minlərlə sakinin, həm də bu yoldan istifadə edən digər vətəndaşların rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq. Qeyd edək ki, Bakı-Sumqayıt magistralı-Binəqədi qəsəbəsi avtomobil yolunun tikintisi ilə 2 yaşayış məntəqəsinin 87 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq, avtonəqliyyat vasitələrinin şəhərə daxil olmadan Quba, Şamaxı, Astara və Qazax istiqamətlərinə və əksinə çıxışı təmin olunacaq. Binəqədi şossesinin açılışı ilə əlaqədar olaraq həmin yolun ətrafında abadlıq, yaşıllaşdırma və təmizlik işlərinin davam etdirilməsi məqsədilə rayon icra hakimiyyətinin məsul əməkdaşları artıq aidiyyəti qurumları cəlb etməklə təxirəsalınmaz tədbirlərin görülməsinə başlamışdır. Hazırda aparılan abadlıq işləri çərçivəsində yolun kənarında yerləşən, memarlıq standartlarına uyğun gəlməyən və qəzalı vəziyyətdə olan təsərrüfat obyektlərinin təmir-bərpa işləri, fasadlarının betopan material ilə üzləməsi həyata keçirilir. İşlərin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilmişdir. 16 dekabr 2017- ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Binəqədi şossesində ümumilikdə 500 nəfərin iştirak etdiyi ümumrayon iməciliyi keçirilmişdir. Ərazidə gedən abadlıq, quruculuq və yaşıllaşdırma işlərində Binəqədi rayon gəncləri də yaxından iştirak etmişdilər. Sonda gənclərin təşkilatçılığı ilə ərazidəki işçi qüvvəsi üçün nahar süfrəsi təşkil olunmuşdur.Əziz sakinlər, bir müddət Binəqədi yolunun təmirə bağlanması hər kəsdə narahatlıq yaratmışdı. Təbii ki, əsas məqsədimiz uzun illərdir mövcud olan problemi aradan qaldırmaq olduğu üçün müəyyən vaxtın sərf olunmasının təbii olduğunu anlayacağınıza əminik. Odur ki, Sizdən müvəqqəti narahatçılığa görə üzr istəyir, məqsədimizin Sizə xidmət olduğundan qürur duyuruq.

Keçidlər