“2017-ci il - İslam Həmrəyliyi ili” çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə bir qrup tələbələrin və ASAN könüllülərin Heydər Məscidinə ziyarəti təşkil olundu
22 dekabr tarixdə “2017-ci il İslam Həmrəyliyi İli” çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ASAN könüllülərinin, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun könüllülərinin və ali təhsil müəssisələrinin tələbələrinin Heydər Məscidinə ziyarəti təşkil olunmuşdur. Ziyarət tədbirində Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Bakı İslam Universitetinin rektoru, Heydər Məscidin sədri Hacı Sabir Həsənli, BRİH başçısı Aparatının İctimai–siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Şəmsi Gülverdiyev, AzBF-nun ölkədaxili layihələr sektorunun əməkdaşı Elnarə Əliyeva iştirak etmişdir. İlk olaraq çıxış edən müdir müavini Ş.Gülverdiyev iştirakçıları salamlayıb keçirilən ziyarət tədbiri haqqında məlumat verdi. O bildirdi ki, Binəqədi rayonu ərazisində yerləşən Heydər Məscidi nəinki Azərbaycanın, hətta bütün qafqazın ən hündür olmaqla yanaşı, eyni zamanda ən möhtəşəm məscididir. Daha sonra məscidin axundu Hacı Hafiz və imamı Hacı Rüfət tərəfindən gənclərə məscid haqqında məlumat verildi. Onlar bildirdilər ki, Qafqazda ən hündür minarələrə malik və tutumuna görə ön sıralarda olan Heydər Məscidi prezident İlham Əliyevin tağşırığı ilə inşa olunmuş, Abşeron memarlıq üslubunda azərbaycanlı memarlar tərəfindən tikilmiş füsunkar memarlıq nümunəsidir. Din xadimlərinin çıxışlarından sonra gənclər məscid haqqında suallarını ünvanladılar və ünvanlanan suallar cavablandırıldı. Ardınca gənclər məscidin otaqları ilə tanış oldular. Ziyarətin sonunda Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Bakı İslam Universitetinin rektoru, Heydər Məscidin sədri Hacı Sabir Həsənli ilə iştirakçıların görüşü keçirildi. Görüş zaman S.Həsənli bildirdi ki, Azərbaycanın İslam dininə və dünya tolerantlığına verdiyi töhvə bütün ölkələr üçün nümunəvidir. Bugün ölkəmizdə olan dini sabitlik gənclərin qorumalı olduğu ən mühüm sərvətlərdən biridir.Sonda iştirakçılarla birgə xatirə fotosu çəkdirildi.