Binəqədi rayonunda məskunlaşmış məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi işləri davam edir
Qaçqın və məcburi köçkünlərin problemlərinin aradan qaldırılması ilə bağlı ardıcıl olaraq bütün lazımi tədbirlər görülür, müvafiq addımlar atılır. Bu gün Azərbaycanda qaçqın və məcburi köçkünlərə dövlət tərəfindən ayrılmış vəsait dünyanın ən yaxşı göstəriciləri sırasındadır. “Azərbaycan dövlətinin bu sahədə əldə etdiyi nailiyyətlər, bizim təcrübəmiz artıq dünyada bir model kimi qəbul olunur və bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə son 23 ildə 6,2 milyard manatdan çox vəsait yönəldilib. Ümumilikdə indiyədək 96 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. Bunun da 95 faizi son 13 ildə inşa edilib. Həmçinin bütün regionlarda qaçqın və məcburi köçkünlər üçün qəsəbələr salınır.Görülən işlər nəticəsində 50 min ailənin və ya 250 min nəfər qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi ilk müşavirəsini məhz qaçqın və məcburi köçkünlərin problemlərinə həsr etməsi dövlətimizin qaçqın və məcburi köçkünlərə diqqət və qayğısının yüksək səviyyədə olmasından xəbər verir. Bu ilin mart ayının 9-da Birinci vitse-prezidentin yanında keçirilən bu müşavirədə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi çox geniş şəkildə müzakirə olundu və ilkin olaraq ən qəzalı vəziyyətdə olan binalarda yaşayan 4 min məcburi köçkün ailəsinin köçürülməsi ilə bağlı çox ciddi tapşırıqlar verildi. Mayın 30-da Birinci vitse-prezidentin iştirakı ilə Qaradağ rayonunun Lökbatan qəsəbəsi yaxınlığında 1026 ailəlik bütün infrstruktur obyektləri ilə birlikdə yeni yaşayış kompleksinin təməlqoyma mərasimi keçirildi. İyunun 27-də isə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü və iştirakı ilə Abşeron rayonunun Masazır qəsəbəsində yeni mənzillərin verilməsi mərasimi keçirildi və qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış 214 məcburi köçkün ailəsi Masazır və Mehdiabad qəsəbələrində yeni inşa olunmuş və tam təmirli mənzillərə köçürüldü. Oktyabrın 5-də Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın iştirakı ilə Abşeron rayonunun Masazır və Sabunçu rayonunun Ramana qəsəbələrində yeni tikilmiş binaların açılış mərasimi oldu və bugünki püşkatma tədbirində isə məcburi köçkünlər həmin binalarda yeni mənzillərə sahib oldular. Həyata keçirilən bütün bu tədbirlər qaçqın və məcburi köçkünlərin problemlərinin daim diqqət mərkəzində olduğunu bir daha təsdiqləyir və Birinci vitse-prezidentin yanında keçirilən müşavirədə verilən vədlərin real nəticələrini ortaya qoyur. Dekabırın 26-da Binəqədi rayonundakı H.Babaşov küçəsindəki təcili tibbi yardımın yarımçıq qalmış qəzalı binasında məskunlaşmış məcburi köçkün ailələrinin yeni inşa olunmuş və tam təmirli mənzillərə köçürülməsi ilə bağlı məcburi köçkünlərlə görüş keçirilmişdir. Tədbirdə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Komitənin və Rayon İcra Hakimiyyətinin məsul şəxslərı iştirak etmişdilər.Sonda köçürülməsi nəzərdə tutulan məcburi köçkünlərin siyahıları dəqiqləşdirilmiş, onları narahat edən məsələlər müzakirə olunmuşdur. Çıxış edən vətəndaşlar bildirdilər ki, doğma torpaqlarından didərgin düşmüş insanların problemlərinin həlli hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzində olub. Bu gün dünyada qaçqın və məcburi köçkün probleminin dövlət tərəfindən tənzimlənməsindən söz düşəndə, ilk növbədə, Azərbaycan nümunə göstərilir. Binəqədi rayonunda məskunlaşdığımız təcili tibbi yardımın yarımçıq qalmış qəzalı binasından yeni inşa olunmuş və tam təmirli mənzillərə köçürülməyimiz bizim üçün əsl bayramdır. Heç şübhəsizdir ki, dövlətimizin xüsusi diqqət və qayğısı nəticəsində uzun illərdir ağır şəraitdə yaşayan hər bir qaçqın və məcburi köçgün mərhələli şəkildə rahat, zövqlə təmir olunmuş evlərə köçürüləcək. Ən böyük arzumuz isə ali baş komandanın rəhbərliyi ilə işğal altında olan torpaqlarımızda tezliklə abadlıq quruculuq işlərinin görülməsidir. Ən qısa zamanda bu sevinci xalqımızla paylaşacağıq. Biz buna əminik!