Molla Pənah Vaqifin 300 illik yubileyi 143 nömrəli tam orta məktəbdə qeyd olundu
Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyat tarixində silinməz iz qoyan qüdrətli söz ustası Molla Pənah Vaqif, eyni zamanda, özünəməxsus ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkar kimi xarakterizə edilir. Onun klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birini təşkil edən irsi bu gün də insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət göstərir. Görkəmli Azərbaycan şairi və ictimai-siyasi xadim Molla Pənah Vaqifin yaradıcılığı və işıqlı xatirəsinin könüllərdə yaşamasına sahib çıxan doğma Vətəni onun adını məhz mənsub olduğu xalqının yaddaşında mənən yaşadır.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 12 yanvar tarixli Sərəncamına əsasən 27 dekabr 2017-ci il tarixdə 143 nömrəli tam orta məktəbin akt zalında tədbir keçirildi.Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Ramiz Göyüşov, baş məsləhətçisi Elnur Məmmədov, Azərbaycanın görkəmli teatr və kino aktyoru Azərbaycan Respublikasının xalq artisti Nurəddin Mehdixanlı, məktəbin müəllim və şagird heyəti iştirak etmişdir. Əvvəlcə M.P.Vaqifin əsərlərindən, habelə şairin həyat və yaradıcılığına həsr olunmuş slaydlar təqdim olundu. Sonra məktəbin Ana dili və Ədəbiyyat müəllimi Şəhla Əliyeva Molla Pənah Vaqifin həyat və yaradıcılığı barədə geniş məlumat verdi.Tədbirdə məktəbin şagirdləri şairin sözlərinə yazılmış mahnı və romanslar, eləcə də muğam və təsniflər söylədilər və kiçik səhnəciklər oynadılar. Şagirdlər M.P.Vaqifin şeirlərini Azərbaycan, rus və başqa dillərdə səsləndirdilər.Tədbirdə Rayon İcra Hakimiyyətinin şöbə müdiri, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov çıxış edərək Molla Pənah Vaqifin ədəbiyyatımıza verdiyi töhfələrdən söz açdı. “Ulu Öndərimizin zəngin Azərbaycan ədəbiyyatının inkişafına və onun görkəmli nümayəndələrinin dünyada tanınmasına göstərdiyi diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Molla Pənah Vaqifin 300 illik yubileyinin qeyd olunması da bu siyasətin bariz nümunəsidir” deyə R.Göyüşov vurğulamışdır.Daha sonra görkəmli şairin yaradıcılığndan söz açan Azərbaycan Respublikasının xalq artisti Nurəddin Mehdixanlı Vaqif şeirlərinin fəlsəfi quruluşu, yazı dilindəki rəvanlıq, onun siyasi və dövlət işlərindəki tarixi fəaliyyətini yüksək qiymətləndirdi.Sonda N.Mehdixanlı Səməd Vurğunun “Vaqif” dramından bir parça tamaşanı şagirdlərlə birlikdə oynadı.