103 nömrəli tam orta məktəbdə “Vətənpərvər olaq” adlı tədbir keçirildi
10 yanvar 2017-ci il tarixdə 103 nömrəli tam orta məktəbdə “Vətənpərvər olaq” adlı vətənpərvərlik ruhunda marifləndirici tədbir keçirildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Qarabağ şəhidlərinin valideynləri, Ağsaqqallar şurasının nümayəndələri, məktəbin müəllim kollektivi və şagird heyəti iştirak etmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı. Sonra Azərbaycan bayrağı hərbi geyimli şagirdin müşayiəti ilə gətirildi.Məktəbin direktoru Səma Həziyeva qonaqları və tədbir iştirakçılarını salamlayaraq tədbiri açıq elan etdi. Məktəbin tarix müəllimi Sevinc Şirinova çıxış edərək şagirdlərə 20 Yanvar, Xocalı hadisələrinin baş vermə səbəbləri və nəticələri barədə ətraflı məlumat verdi. Sonra şagirdlərin iştirakı ilə bədii hissə başladı. Şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər, mahnılar səsləndirildi, səhnəciklər göstərildi.Tədbirdə 103 nömrəli tam orta məktəbin adını daşıyan şəhid Zakir Məmmədovun əmisi Ağayar Məmmədov, şəhid atası Vaqif Quluzadə, aprel şəhidi Cabbarxan Hacıağayevin atası İlham Hacıağayev çıxış edərək şəhidlərin xatirəsinə həsr olunmuş layihənin həyata keçirilməsinə görə minnətdarlıqlarını bildirdilər.Sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov tədbirin təşkilində fəallıq nümayiş etdirən müəllim və şagirdlərə minnətdarlığını bildirdi, tarixi yaddaşımızla bağlı milli-vətənpərvərlik ruhunda böyüyən gənc nəslin üzərinə düşən vəzifələrdən danışdı.Sonda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov çıxış edərək məktəblilərin, o cümlədən tədbirin keçirildiyi 103 nömrəli tam orta məktəbin şagirdlərinin vətənpərvər şəxsiyyət kimi yetişməsində müəllimlərin əməyinin danılmaz olduğunu vurğuladı.