Binəqədi rayonunda qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ASAN Könüllülərinin III Şahmat Turniri" keçirildi.
11 yanvar 2018-ci il tarixində “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və "ASAN Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan şahmatçısı, qrossmeyster və üçqat Azərbaycan çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ASAN Könüllülərinin III Şahmat Turniri" keçirilmişdir.Turnirin açılış mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, Həmidə Əşrəfova, "ASAN Könüllüləri" Təşkilatının sədri Bəxtiyar İslamov, Vüqar Həşimovun bacısı - Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) aparıcı müxbiri Samirə Allahverdiyeva, ASAN Könüllüləri iştirak etmişlər.Turnirin rəsmi açılış mərasimində çıxış edən natiqlər - Sevinc Süleymanova, Həmidə Əşrəfova, Bəxtiyar İslamov və Samirə Allahverdiyeva Vüqar Həşimovun əziz xatirəsini hörmətlə anaraq, onun həyat və fəaliyyətinin hər bir gənc üçün gözəl bir nümunə olduğunu diqqətə çatdırdılar. Ölkəmizdə idmanın inkişafı, idmançılarımızın, o cümlədən şahmatçılarımızın yerli və beynəlxalq yarışlarda yüksək nailiyyətlər qazandığını vurğulayaraq turnir iştirakçılarına uğurlar arzuladılar.Sonra turnirə start verildi. Turnirdə 1 saylı Bakı "ASAN xidmət" mərkəzi, 2 saylı Bakı "ASAN xidmət" mərkəzi, 3 saylı Bakı "ASAN xidmət" mərkəzi, 4 saylı Bakı "ASAN xidmət" mərkəzi, 5 saylı Bakı "ASAN xidmət" mərkəzi və Sumqayıt "ASAN xidmət" mərkəzinin komandaları mübarizə apardı. Yarışın nəticəsinə görə 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin komandası I yeri, 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin komandası II yeri, 4 saylı Bakı "ASAN xidmət" mərkəzinin komandası III yeri tutdular. Qaliblər diplom və kubokla təltif edildilər.