Şriftin ölçüsü :

Saytın rəngi :

25 yanvar tarixdə Binəqədi Rayon İcra Hakimiyyətində “Müstəqil Azərbaycanın Dövlət Dil Siyasəti: Reallıqlar və Perspektivlər” mövzusunda “Məlumat saatı” keçirildi.

25 yanvar 2018 | 11:00

25 yanvar tarixdə Binəqədi Rayon İcra Hakimiyyətində “Müstəqil Azərbaycanın Dövlət Dil Siyasəti: Reallıqlar və Perspektivlər” mövzusunda “Məlumat saatı” keçirildi. Məlumat saatında Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev, RİH başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, rayon bələdiyyələri, rayon icra nümayəndəlikləri, rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, YAP fəalları, ASAN Könüllüləri və orta ümumtəhsil məktəblərinin Azərbaycan dili və Ədəbiyyat müəllimləri iştirak etmişlər. Tədbiri Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva açaraq akademik Nizami Cəfərova dəvəti qəbul etdiyi üçün Rayon İcra Hakimiyyəti adından təşəkkür etdi. Sonra məruzə ilə çıxış etmək üçün Milli Məclisin deputatı, akademik Nizami Cəfərova söz verildi. Qeyd edək ki, Nizami Qulu oğlu Cəfərov 1985-ci ildən Azərbaycan Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitunun elmi işçisi olmuşdur. 1987-ci ildən "Ədəbiyyat və incəsənət" qəzetinin şöbə müdiri, 1991-ci ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müəllimi, professoru, Filologiya fakültəsinin dekanı vəzifələrində çalışmışdır. 2000-ci ildən Bakı Dövlət Universitetinin kafedra müdiridir.Nizami Cəfərov elmi nəticələrinə və təhsil quruculuğuna görə 11 fevral 2000-ci ildə Azərbaycan Respublikasının "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür.Azərbaycan Respublikası II (2000-ci il), III (2005-ci il) və IV çağırış (2010-cu il) Milli Məclisinin deputatıdır. Parlamentin Mədəniyyət Komitəsinin sədridir. Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan, Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.Tədqiqatları Azərbaycan dilində sadə cümlənin struktur-semantik inkişafı, XVIII əsr Azərbaycan ədəbi dili, Azərbaycan türkcəsinin milliləşməsi və Azərbaycanşünaslığın əsasları və inkişafı tarixinə, qədim türk və türk xalqları ədəbiyyatı tarixi və müasir ədəbi proseslə bağlı problemlərə həsr olunmuşdur.Çox sayda elmi əsərin, o cümlədən 5 monoqrafiyanın müəllifidir. Əsərləri Türkiyə və İranda da nəşr edilmişdir.Məruzəçi akademik N.Cəfərov Azərbaycanda Dil Siyasəti və onun reallıqları barədə geniş məlumat verdi. O bildirdi ki, hal-hazırda işlətdiyimiz Azərbaycan dili uzun tarixi yol keçmiş, bugünümüzə gəlib çatmişdır və bu yolda bir neçə dəfə baş vermiş əlifba dəyişiklikləri dilimizə öz təsirini göstərmişdir. Həmçinin o bildirmişdi ki, Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. Bəlli olduğu kimi, dövlət dili sahəsindəki fəaliyyətə Heydər Əliyev Azərbaycanda rəhbərliyə gəldiyi ilk günlərdən başlamışdır. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının (Əsas Qanununun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Nəticədə Azərbaycan Konstitusiyası böyük tarixi şəxsiyyət Heydər Əliyevin təklif etdiyi şəkildə qəbul olundu və Azərbaycan dili dövlət dili statusu aldı. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu öndər bununla gələcək müstəqil dövlətçiliyin milli atributlarından birini məharətlə qorumuşdur. Bundan sonra isə ana dilimizin inkişafı və qorunması sahəsində mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail olmuşdur.Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra hakimiyyətə gələn naşı və səriştəsiz şəxslərin idarəetmədəki təcrübəsizliyi müstəqilliyimizi uçuruma apardığını, ölkəni məhvə sürüklədiyini bildirdi.Natiq daha sonra bildirdi ki, AXC-Müsavat hakimiyyəti dövründə bu uçurum özünü daha qabarıq şəkildə büruzə vermişdir. Onlar heç bir məntiqi əsasa söykənmədən dövlət dilinin adının dəyişdirilməsini və “türk dili” adlandırılmasını təklif edirdi.Tarixi keçmişı dönüb baxarkən  uzun mübahisələrdən sonra AXC-Müsavat hakimiyyəti xalqın rəyini nəzərə almadan, referendum keçirmədən 1992-ci ilin dekabrında “Dövlət dili haqqında” Qanunu “müzakirə” edərək Azərbaycanda dövlət dilinin “Türk dili” olması barədə qərar qəbul etmişdir. Hətta təcili olaraq ana dili dərsliklərini “Türk dili” adlı dərsliklərlə əvəzləyərək çapını da həyata keçirilmişdir.Nizami Cəfərov fikirlərinin davamı olaraq bildirdi ki, Dövlət idarəçiliyində zəngin təcrübəsi olan ulu öndər Heydər Əliyev sonralar bu məsələyə münasibət bildirərkən Milli Məclisin qəbul etdiyi bu qərarı kəskin pisləyərək demişdi: “Bu böyüklükdə tarixi bir qərar Azərbaycan xalqının iradəsi nəzərə alınmadan 26 nəfər tərəfindən qəbul olunubdur. Burada da böyük bir səhv buraxılıbdır”.Xalqın təkidli tələbi və xahişi ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyev digər sahələrdə olduğu kimi, milli mənəvi dəyərlərimizin qorunması, adət-ənələrimizin, milliliyimizin inkişafı məsələsini diqqətdə saxlamışdır. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən ümummilli lider ana dilimizin - Azərbaycan dilinin adını özümüzə qaytarılmasından məruzəçi geniş danışmışdır.1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir. Bir-birinin ardınca fərmanlar imzalanmış, qanunlar qəbul edilmişdir.Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi ulu öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır.Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları göstərilmişdir. Tarixi əhəmiyyət kəsb edən bu sənəd dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynamışdır. Həmin Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Dünyanın heç bir dövlətində analoqu olmayan belə bir qurumun yaradılması ana dilimizin tətbiqi işinin təkmilləşdirilməsinə daha səmərəli şəkildə nəzarət etmək və bu prosesi ümummilli maraqlar kontekstində tənzimləmək məqsədi daşıyırdı.Tədbirin sonunda auditoriyanın sualları cavablandırıldı.

Keçidlər