15 iyun - Milli Qurtuluş günü qeyd edildi
14 iyun 2013-cü il tarixdə Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq rayon rəhbərliyi, idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatlarının, rayon ictimaiyyətinin və KİV nümayəndələrinin iştirakı ilə 15 iyun Milli Qurtuluş Günü münasibətilə “Azəryol” Voleybol Klubunun konfrans zalında “Müstəqilliyimizin töhvələri” adlı tədbir keçirildi.
Ulu öndər Heydər Əliyevə həsr olunmuş kinofilmin nümayişindən sonra tədbiri açıq elan edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş çıxış etdi. Natiq qeyd etdi ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi bilavasitə dünya səviyyəli siyasətçi və dövlət başçısı, zəmanəmizin bənzərsiz şəxsiyyətli Heydər Əliyevin adı ilə bağlıdır.
Millət vəkili Mübariz Qurbanlı “Milli Qurtuluş Günü” kimi qeyd olunan 15 iyun 1993-cü il tarixi - Azərbaycanın siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı olduğunu bildirərək, Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında istinad etdiyi rasional seçim strategiyası və bunun fonunda atdığı zəruri strateji addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin mərhələli şəkildə neytrallaşdırılmasına nail olunduğunu nəzərə çatdırdı.
Daha sonra çıxış edən millət vəkilləri Eldar İbrahimov və Rafael Cəbrayılov Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyulduğunu, ölkədə cinayətkarlığın qarşısı tam alındığını, bütövlükdə Azərbaycanın inkişafı naminə gördüyü işlərdən söhbət açdılar.