Binəqədi rayonunda “Sülh dini - İslam” layihəsinin açılış tədbiri keçirildi
Binəqədi rayonu 83 nömrəli məktəb-liseydə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun X qrant müsabiqəsinin qalibi Nərmin Məhərrəmovanın “Sülh dini – İslam” layihəsinin açılış tədbiri keçirildi.Tədbiri giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının baş məsləhətçisi Kubra Əliyarlı ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən bəhs etdi. Gənclər siyasətinin tərkib hissəsi olaraq yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəalliyyətinin gənclərin fərdi, eyni zamanda gənclər təşkilatlarının layihələrinin reallaşdırılması üçün olduqca əhəmiyyətli olduğunu bildirdi. Kubra Əliyarlı həmçinin layihə haqqında fikirlərini bölüşdü. Müasir dövrümüzdə İslam dinin mahiyyətinin tam əksinə olaraq dinimizə qarşı aparılan əks təbliğatın geniş vüsət aldığını və bunun yolverilməz olduğunu vurğuladı. İslam dinin əslində sülh dini olaraq bütün bəşəriyyəti sülhə, həmrəyliyə səsləyən bir din olduğunu, onun bütün təzahürlərinin, zənglinliklərinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini önə çəkdi. Bu işdə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə mühüm tədbirlərin həyata keçirilməsindən, 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasından, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsindən bəhs etdi.Tədbirdə çıxış edən “Sülh dini – İslam” layihəsinin rəhbəri Nərmin Məhərrəmova layihənin həyata keçirilməsinə göstərdiyi maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna təşəkkürünü bildirdi. Qeyd etdi ki, İslam dininə həsr olunmuş layihənin keçirilməsi ideyası təsadüfi deyil. İslam dininə aid mövzu bu gün kifayət qədər aktualdır. İslam dininin tarixinin, insanları kamilliyə səsləyən bir din olaraq bütün gözəlliklərinin gənclərimizə aşılanması vacibdir. Bu baxımdan İslam dininin təbliğ olunması istiqamətdə həyata keçirilən bu layihənin gənclərin maariflənməsində mühüm rol oynayacağına inamını ifadə etdi.Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının baş məsləhətçisi Rahil Şükürov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün dövlət başçısı cənab İlham Əliyev rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyətindən danışdı. Fondun gənclərimizin hərtərəfli inkişafına istiqamətlənmiş layihələrinin bundan sonra uğurla davam etdiriləcəyinə ümidvar olduğunu söylədi.Tədbirdə 83 nömrəli məktəb-liseyin tarix müəlliməsi Afaq Vəliyev İslam dininin tarixi, islam ölkələri, Azərbaycanın İslam dünyasında yeri və rolu, ölkəmizdə İslam dünyasının həmrəyliyinə hədəflənmiş bir sıra mühüm tədbirlər haqqında geniş məruzə ilə çıxış etdi. Bildirdi ki, islam dini sonuncu din olaraq VII əsrdə yaranıb. “İslam” sözü ərəbcə “Allahın iradəsinə itaət etmək” deməkdir. O, həmçinin bu gün islam ölkələrindəki mövcud vəziyyətdən, islam əleyhinə aparılan kampaniyanın dəf edilməsi üçün mühüm işlərin görüməsinin vacibliyindən ətraflı bəhs etdi.Tədbirin sonunda gənclər çay süfrəsində iştirak etdilər.