Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 və 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndələrinin və Binəqədi bələdiyyəsinin 2017-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi.

30 yanvar 2018 | 11:00

30 yanvar 2018-ci il tarixində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 və 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndələrinin və Binəqədi bələdiyyəsinin 2017-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi.Hesabat yığıncağında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Milli Məclisin üzvü Kamran Bayramov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, idarə, müəssisə, təşkilat rəhbərləri və mikrorayonların sakinləri iştirak etdilər. Hesabat yığıncağını giriş nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov mikrorayonlar ərazisində görülən və görülməsi nəzərdə tutulan işlərdən danışdı. Sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Ləman Əliyeva, 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Dilbər Şükürova və Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlı 2017-ci il ərzində görülən işlərdən və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış etdilər. Daha sonra “Belediyye.info” saytının rəhbəri Vüqar Tofiqli, Milli Məclisin üzvü Kamran Bayramov hesabat məruzələrinə öz münasibətlərini bildirməklə yanaşı 2017-ci ildə Respublikamızın ictimai, siyasi və sosial həyatında baş verən mühüm hadisələr barəsində geniş və ətraflı məlumat verdilər. Yekunda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda səsləndirilən fikirlərə toxunaraq qeyd etdi ki, dünyada davam edən iqtisadi və maliyyə böhranı fonunda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı davamlı şəkildə inkişaf etməkdədir. RİH başçısı sonra qeyd etdi ki, Azərbaycan iqtisadiyyatının əsasını neft sənayesi təşkil etsə də, son illərin inkişaf dinamikasının təhlili göstərir ki, ölkədə qeyri-neft sənayesi, ümumilikdə qeyri-neft sektorunun çəkisi sürətlə artmaqdadır. İqtisadiyyatın şaxələndirilməsi üçün dövlət başçısı cənab İlham Əliyevin imzaladığı sərəncamlar və təsdiq etdiyi inkişaf proqramları qeyri-neft sektorunda və xüsusilə kənd təsərrüfatı sahəsində böyük canlanmaya səbəb olmuşdur. Daha sonra ölkə Prezidentinin tapşırıqlarına müvafiq olaraq Binəqədi rayonunun Azadlıq prospekti, Binəqədi şossesi və digər ərazilərində aparılan abadlıq və quruculuq işlərindən geniş və ətraflı danışan RİH başçısı 2018-ci ildə görüləcək işlər barəsində də məlumat verərək yığıncaq iştirakçılarını maraqlandıran sualları cavablandırdı. Sonda 2017-ci ilin yekunları ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin hesabat məruzəsində əksini tapan nöqsan və çatışmazlıqların, eyni zamanda sakinlər tərəfindən qaldırılan problemlərin həlli ilə əlaqədar tədbirlər planının işlənib hazırlanması və icrasının nəzarətə götürülməsi barədə qərar qəbul edildi.

Keçidlər