21 avqust 2022-ci il tarixində şəhidi Rövşən Kazım oğlu Hüseynovun doğum günü münasibəti ilə məzarı və ailəsini ziyarət edildi.
44 günlük Vətən müharibəsində şəhid əsgər və zabitlərmiz adlarını ən yeni tarixə qızıl hərflərlə yazdılar. Bu gün Vətən torpaqları tam olsun deyə Şəhidlik adlı zirvəni bir göz qırpımında fəth edən igid oğullarımızdan biri Rövşən Hüseynovun doğum günüdür!
Cənnətdəki doğum günün mübarək, nur üzlü Şəhidimiz!
Rövşən Kazım oğlu Hüseynov 21 avqust 1995-ci ildə Bakı şəhərində dünyaya göz açmışdı. 2001-ci ildə Bakı şəhəri 115 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olsa da, təhsilini Bakı şəhəri 202 saylı tam orta məktəbdə davam etdirmiş və orada da bitirmişdi.
R.Hüseynov Rusiya Federasiyası Stavropol şəhərində yerləşən "Qafqaz Xalqlarının Dostluğu İnstitutu"nun "İqtisadiyyat" fakültəsində təhsil almışdı. 2017-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə yollanmış, ön xətdə düşmənlə üz-üzə, "Murovdağ" istiqamətində qulluq etmişdi. Xidməti dövründə göstərdiyi şücaətə görə komandanlıq tərəfindən mükafatlandırılmışdı. 2018-ci ilin oktyabrında həqiqi hərbi xidmətdən tərxis olunmuşdu. 2020-ci ilin 27 sentyabr tarixində başlayan Vətən müharibəsinə yollanmış və Füzuli rayonunun Horadiz qəsəbəsindən başlayan döyüş yolu Cəbrayıl rayonunda davam etmişdi. 23 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu ərazisində gedən döyüşlərdə aldığı qəlpə yaralarından ən uca Zirvə-Şəhidlik zirvəsinə ucalmışdı. 25 oktyabr 2020-ci ildə Binqədi qəsəbəsi qəbiristanlığı dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən şəhid Hüseynov Rövşən Kazım oğlu ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
21 avqust 2022-ci il tarixində Binəqədi Ryaon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Füzuli Mehrabzadə, İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zaur Qafarov, Binəqədi rayon M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov və digər əməkdaşlar şəhidimiz Rövşən Kazım oğlu Hüseynovun doğum günü münasibəti ilə məzarını və ailəsini ziyarət etdilər.
Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!