Şriftin ölçüsü :

Saytın rəngi :

21 iyun 2025-ci il tarixində Binəqədi Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirildi

21 iyun 2025 | 17:55

21 iyun 2025-ci il tarixində Binəqədi Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirildi.

Konfransda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri, III dərəcəli Dövlət Ədliyyə müşaviri, Ədliyyə general-mayoru Akif Rəfiyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini birinci Hacıbaba Babayev, müavin Sevinc Süleymanova, Azərbaycan Ağsaqqallar Şuranın Aparat rəhbəri Ramin Həsənli və məsul əməkdaşı Elşad Quliyev, ağsaqqallar, ziyalılar, şəhid valideynləri, qazilər, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak etdilər.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzdülər.
Tədbirdə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, suvenliyi uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzovu və digər tədbir iştirakçılarını salamlayaraq, ölkəmizin hər yerində olduğu kimi, Binəqədi rayonunda da böyük hörmət və nüfuz sahibi olan ağsaqqalların ictimai-siyasi və mədəni fəaliyyətindən söz açdı. Ümummilli lider Heydər Əliyevin “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırdığı ağsaqqalların rayonun ictimai-mədəni həyatındakı xidmətlərindən,  onların dəyərli məsləhətlərinə, öyüd-nəsihətlərinə hər zaman ehtiyacın olmasından danışdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən inkişaf  prosesindən bəhs edən natiq vətəndaşlara, ağsaqqallara göstərilən diqqət və qayğıya görə dövlət başçısına dərin minnətdarlığını ifadə etdi. Konfransın işinə uğurlar arzuladı.
Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev ötən dövr ərzində görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edərək bildirdi ki, Şura üzvləri aktual mövzularla bağlı təşkil olunan bir çox tədbirlərdə yaxından iştirak və çıxışlar edir, şəhid ailələri və qazilərlə, həmçinin orta məktəblərdə və peşə təhsili məktəblərində gənclərlə mütəmadi görüşlər keçirərək onlarla maarifləndirici işlər aparır, eləcə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini sakinlər arasında təbliğ edirlər. Xüsusilə təhsil müəssisələrində “Narkomaniyaya yox deyək!” devizi altında keçirilən tədbirlərdə məqsəd gənclərimizi XXI əsrin bəlası sayılan narkomaniyadan və digər zərərli vərdişlərdən qorumaqdır. Natiq çıxışının sonunda bundan sonra da öz fəaliyyətlərini aktiv şəkildə davam etdirəcəklərini vurğuladı.
Sonra konfransda çıxış edən  YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov qeyd etdi ki, Azərbaycanda ağsaqqal sözünə ehtiramla və diqqətlə yanaşılmasının çox qədim və zəngin ənənələri var. Çünki xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal sözü, ağsaqqal xeyir-duası həmişə ali həyat məramı olub. Dara düşəndə, ailə quranda, mübahisəli məsələlərin həllində ağsaqqal sözü həmişə keçərli olub. Rayonumuzun ağsaqqalları da keçirilən tədbirlərdə gənclərə xeyir-dua və məsləhətlər verir, düzgün yol göstərirlər. 

Növbəti çıxış edənlər-Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli, Azərbaycan Milli Aerokosmik Agentliyi, Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru Elçin İsgəndərzadə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin uğurlu rəhbərliyi ilə Şurada, o cümlədən Binəqədi rayonunda  ağsaqqalların geniş və səmərəli fəaliyyətindən bəhs etdilər. Bildirdilər ki,  ki, ağsaqqallar hər zaman olduğu kimi, bu gün də milli-mənəvi dəyərlərimizin qorunmasına, əxlaqi normaların və sağlam həyat tərzinin təbliğinə öz töhfələrini verirlər.  

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov çıxış edərək Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını konfrans iştirakçılarına çatdırdı. Binəqədi Rayon Ağsaqqallar Şurasının aktiv fəaliyyətini yüksək dəyərləndirərək, bu işdə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyevin xidmətlərinin böyük olduğunu vurğuladı. Sonra natiq ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətimizin dinamik inkişafı prosesindən, gündən-günə artan beynəlxalq nüfuzundan bəhs etdi. Azərbaycanın regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildiyini, ali məqsədlərə doğru inamla irəliləyərək bütün sahələrdə böyük uğurlara imza atdığını konfrans iştirakçılarının diqqətinə çatdırdı. Bu inkişaf fonunda ağsaqqalların da fəaliyyətlərini daha yüksək səviyyədə vurğulayan Vahid Novruzov bildirdi ki, hər il olduğu kimi, “Konstitusiya və Suverenlik İli”ndə təşkilat üzvləri ölkəmizin ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edirlər. Əsas hədəfimiz, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnaməsində də öz əksini tapdığı kimi, xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, əxlaqi normaların və sağlam həyat tərzinin təbliği, cəmiyyətimiz, xüsusilə də gənclər arasında vətənpərvərlik hissinin gücləndirilməsi, onlara milli-mənəvi dəyərlərin aşılanması ilə bağlı tədbirlər həyata keçirmək və təşkilatın başlıca fəaliyyətini bu istiqamətlərdə qurmaqdır. Vahid Novruzov çıxışının sonunda ağsaqqallara möhkəm cansağlığı və gələcək işlərində uğurlar arzuladı.

Keçidlər