Dövlət qulluqçularının peşə bayramı qeyd edildi
22 iyun 2013-cü il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətində dövlət qulluqçularının peşə bayramı münasibətilə tədbir keçirildi.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək, son vaxtlar bu sahədə əldə olunmuş nailiyyətlərdən, dövlət qulluqçularının cəmiyyətdəki yeri və rolundan, onların hüquq və vəzifələrindən söz açdı.
O bildirdi ki, Azərbaycanda dövlət qulluğunun gündən-günə təkmilləşdirilməsi daim diqqət mərkəzində duran məsələlərdən biridir. Dövlət qulluğunu tənzimləyən əsas sənəd 2000-ci il ilin iyulunda Ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi və təşəbbüsü ilə hazırlanıb qəbul edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunudur. Məhz bu qanunun qəbulundan sonra Azərbaycanda əvvəlki partiya nomenklatura sistemindən tamamilə fərqlənən müasir dövlət qulluğu ənənələri formalaşmağa və təşəkkül tapmağa başlamışdır.
Tədbirin sonunda dövlət qulluğunda səmərəli fəaliyyətinə, rayonun ictimai-siyasi həyatında fəal mövqeyinə görə bir qrup dövlət qulluqçusuna Rayon İcra Hakimiyyətinin fəxri fərmanları və hədiyyələri təqdim edildi.