Rumıniya və Moldova səfirləri “İdrak” liseyinin qonağı oldular.
01.03.2018-ci il tarixində “İdrak” liseyində Binəqədi Rayon İcra Hakimiyyəti və “İdrak” liseyinin təşkilatçılığı ilə Rumıniya və Moldovanın milli bayramları olan “Mertsişor” bayramı münasibətilə tədbir təşkil edildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Rumıniyanın Azərbaycan Respublikasındakı səfiri Dan İanku, Moldovanın Azərbaycan Respublikasındakı səfiri George Leuke, liseyin təsisçisi professor Mönsüm Alışov İdrak liseyinin müəllim kollektivi və şagird heyəti iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan liseyin təsisçisi prof. Mönsüm Alışov səfirləri, qonaqları salamlayaraq, ölkəmizdəki davamlı inkişaf proseslərindən danışdı, belə müştərək tədbirlərin əhəmiyyətindən söz açdı. O həmçinin Binəqədi Rayon İcra Hakimiyyətinə və səfirliklərə bu əməkdaşlıq üçün təşəkkürünü bildirdi. Daha sonra çıxış edən Rumıniya səfiri Dan İanku və Moldova səfiri George Leuke “Mertsişor” bayramı haqqında məlumat verərək bildirdilər ki, Rumıniyada və Moldovada mart ayının ilk günündə qeyd edilən bu qədim bayram yazın gəlişini, təbiətin yenilənməsini ifadə edir. “Mertsişor” bayramı Yuneskonun Ümumdünya Mədəni İrsinə daxil edilmişdir və Azərbaycanda qeyd edilən Novruz bayramına uyğundur, sülh, ümid və sevgini simvolizə edir. Onlar qeyd etdilər ki, ölkələrimiz arasında daim dostluq münasibətləri olmuşdur, Azərbaycan həqiqətləri, mədəniyyəti daim təbliğ olunmuş, Azərbaycan ədəbiyyatı rumın və moldovan dillərinə tərcümə edilmişdir. Onlar bu tədbirin keçirilməsinə görə təşəkkürlərini bildirdilər.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Aygün Əliyeva çıxışında qonaqları salamladı, onları bu bayram münasibətilə təbrik etdi, dost rumın və moldova xalqlarına ən xoş arzularını bildirdi. O, xalqlarımızın dillərinin, mədəniyyətlərinin fərqli olmasına baxmayaraq ortaq arzu və məqsədlərimizin olduğunun vurğuladı. O qeyd etdi ki, hamımız dünyada sülh, sevgi, dostluğun hökm sürməsini arzulayırıq. Aygün Əliyeva qeyd etdi ki, bu cür tədbirlərin keçirilməsi xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edir.
Daha sonra lisey şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim edildi. Azərbaycan, Rumıniya və Moldovanın milli rəqsləri, musiqi nömrələri nümayiş olundu. Tədbirin sonunda iştirakçılara milli şirniyyatlar və “Mertsişor” bayramının rəmzləri hədiyyə edildi. Liseyin foyesində şagirdlərin əl işlərindən ibarət sərgi qonaqlar tərəfindən maraqla izlənildi.