Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə tibbi maarifləndirici mühazirə təşkil olundu.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Tibbi maarifləndirmə" proqramı çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-mütəxəssisi Afət Məmmədovanın “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində tibbi maarifləndirici mühazirəsi təşkil olunub.
18 nömrəli Bakı Peşə Liseyi və Bakı Humanitar Kollecinin bir qrup tələbə qızlarının iştirakı ilə “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması: mövcud problemlər və onların həlli” mövzusunda keçirilmiş tədbiri giriş sözü ilə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova açıb.
Bilik Fondunun Beynəlxalq layihələr sektorunun məsləhətçisi Aytən Xubanova Fondun İSİM-lə birgə gördüyü işlər barədə tələbələrə geniş məlumat verib.
Həkim-mütəxəssis A.Məmmədova mühazirəsində reproduktiv sağlamlığın, reproduktiv sistem və onun funksiyaları daxil olmaqla, insanın tam fiziki, əqli və sosial rifah halı olduğunu vurğulayaraq, ailə planlaşdırılması və onun üsullarından bəhs edib.
İSİM-in həkim mütəxəssisi tədbirin sonunda iştirakçıların çoxsaylı suallarını ətraflı cavablandırıb və onlara maarifləndirici materiallar paylanıb.