Binəqədi rayonunda 05 Mart - “Bədən Tərbiyəsi və İdman günü” qeyd edildi.
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 05 mart 2018-ci il tarixində “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində 05 Mart - “Bədən Tərbiyəsi və İdman günü” münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, idarənin əməkdaşı Rafiq Nəsirov, rayon orta ümumtəhsil məktəblərinin bədən tərbiyəsi və idman müəllimləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan idarə rəisi Elvin Aslanov “Bədən Tərbiyəsi və İdman günü” münasibətilə iştirakçıları təbrik etdi, onlara işlərində uğurlar dilədi. Elvin Aslanov bildirdi ki, Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında Dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olunub. 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib.
Sonra tədris ili ərzində fərqlənən bir qrup müəllim İdarə tərəfindən Fəxri Fərmanla təltif olunub. Tədbir çay süfrəsi ətrafında davam etdirilib.