Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbriki

07 mart 2018 | 11:00

Hörmətli xanımlar!
Əziz analar və bacılar!
Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Rayonumuzda müxtəlif sahələrdə çalışan qadınlar rayonumuzun ictimai-siyasi, sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına əvəzsiz töhfələr verir. Xüsusən təhsil və səhiyyə sistemlərində dolğun fəaliyyəti ilə maarifpərvər qadın ziyalılarımız ideyalarını müvəffəqiyyətlə həyata keçirirlər.  Eyni zamanda, onlar, gözəl ana kimi gənclərimizin vətənə və torpağa bağlılıq, müstəqil dövlətçiliyimizə, istiqlal ideallarına və azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda formalaşmaları üçün bütün qüvvələrini sərf edirlər.
Əziz xanımlar!
Siz həm də maarifpərvər qadın ziyalılarımızın yolunu ləyaqətlə davam etdirərək, rayonumuzda mədəniyyət, elm, təhsil, səhiyyə və digər istiqamətlərdə istedad və bacarığınızı getdikcə daha böyük əzmlə gerçəkləşdirirsiniz. Gənc nəslin qədim adət-ənənələrimizə, milli məfkurəyə və dövlətçilik ideallarımıza sədaqət ruhunda tərbiyəsinə xüsusi diqqət yetirməklə Siz, üzərinizə düşən işlərin öhdəsindən hər zaman olduğu kimi yenə şərəflə gəlirsiniz. Rayonumuzun həyatına dinamizm qazandıran sosial fəallığınız və onun ahəngdarlığını təmin edən yüksək ictimai mövqeyiniz zəngin mənəviyyatınızın, dərin zəkanızın, təşkilatçılıq qabiliyyəti və işgüzarlığınızın nəticəsidir.  İctimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni sahələrdə apardığınız səmərəli işlərin bəhrələri rayonumuzun hər bir guşəsində özünü aydın şəkildə büruzə verir.
İnanıram ki, sizlər Binəqədi rayonunun dinamik inkişafı və tərəqqisi naminə qüvvənizi bundan sonra da əsirgəməyəcəksiniz. Hamınıza cansağlığı, səadət və işlərinizdə yeni-yeni uğurlar arzulayıram.
Bayramınız mübarək olsun!

Hörmətlə,
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı
Xaləddin İsgəndərov

Keçidlər