Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Binəqədi Rayon təşkilatının yaradılmasının 25 illik yubileyi münasibətilə tədbir keçirildi

07 mart 2018 | 11:00

07 mart 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının yaradılmasının 25 illik yubileyi münasibətilə geniş tədbir keçirildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Milli Məclisin komitə sədri Eldar İbrahimov, millət vəkili Kamaləddin Qafarov, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, təşkilatın Şura üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak etdilər.
Tədbirdən öncə iştirakçılar YAP Binəqədi rayon təşkilatının inzibati binasının önündə ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək gül dəstələri qoydular, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildirdilər.
Daha sonra tədbirdə YAP Binəqədi rayon təşkilatının yaradılmasından ötən 25 il ərzindəki fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirildi.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov rayon təşkilatının fəaliyyətinə nəzər saldı. Bildirdi ki, Yeni Azərbaycan Partiyasının yaradılmasından sonra ilk yaradılan rayon təşkilatlarından biri də məhz Binəqədi Rayon təşkilatıdır. Sıralarında 15 mindən çox üzvü birləşdirən rayon təşkilatı 1993-cü ilin 7 mart tarixində təsis edilib. Rayon təşkilatı öz fəaliyyətini partiyanın Nizamnamə və Proqramına, rəhbərliyin tapşırıq və tövsiyyələrinə, eləcə də üzvlərin təşəbbüsünə əsaslanaraq uğurla qurub. Bu gün rayon təşkilatı həyata keçirdiyi tədbirlər, gördüyü işlərlə qarşısında daha böyük uğurları hədəfləyib. Ramiz Göyüşov çıxışının sonunda bütün partiya üzvlərini və qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi, onlara ən xoş arzularını çatdırdı.
Milli Məclisin komitə sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov çıxışında YAP-ın yaradılmasının tarixi zərurət olduğunu bildirərək o zamankı siyasi vəziyyətə diqqət yönəltdi. Qeyd etdi ki, müstəqilliyimizin ilk illərində Azərbaycanda yaşanan, xalqımızın düşdüyü çox ağır vəziyyət hər kəsin yaddaşındadır. Belə çətin bir vəziyyətdə dövlətimizi və xalqımızı xilas edə biləcək böyük siyasi liderə ehtiyac var idi. Belə bir vəziyyətdə dövlətçiliyimizin təminatını və xalqımızın müdafiəsini ancaq Heydər Əliyev kimi dahi bir şəxsiyyət bacara bilərdi. Bu səbəbdən ulu öndər Heydər Əliyev xalqının səsinə səs verdi və yeni bir siyasi partiyanın – Yeni Azərbaycan Partiyasının yaradılmasına, ona rəhbərlik etməsinə razılıq verdi. Bu partiyanın təsis olunması, sonrakı illərdə iqtidarda təmsil olunması ilə dövlətimizin bütün problemləri öz həllini tapdı. Eldar ibrahimov eyni zamanda YAP Binəqədi rayon təşkilatının fəaliyyətinə toxunaraq təqdir etdi.
YAP Gənclər Birliyinin sədr müavini, YAP Binəqədi rayon təşkilatı Qadınlar Şurasının sədri Aytac Əliyeva tədbirdə çıxış edərək partiyanın qadınların inkişafı, cəmiyyətdəki yeri və rolunun artırılması istiqamətindəki səylərindən danışdı. YAP-ın qadınların ictimai-siyasi proseslərdə daha yaxından iştirak etməsi üçün bir sıra uğurlu layihələrə imza atdığını və bu mənada YAP Binəqədi rayon təşkilatının nailiyyətlərinin də danılmaz olduğunu söylədi.
Millət vəkili Kamaləddin Qafarov tədbirdə nitq söyləyərək ulu öndər Heydər Əliyevin Naxçıvanda çalışdığı vaxtlara nəzər saldı. Xalqımızın ona olan böyük inam və etimadından, ona bəslədilən güvənindən bəhs etdi. Azərbaycan xalqının Heydər Əliyevə əsl qəhrəman, xilaskar kimi baxıldığını və onun ölkəmizə rəhbərlik edəcəyi təqdirdə bütün problemlərimizin öz həllini tapacağına ümidlər bəslənildiyini söylədi. Bəli, xalq öz inamında və seçimində yanılmamışdı. 91 nəfər Azərbaycan ziyalısı xalqın ümumilikdə istəyini müraciətlərində əks etdirərək  ümummilli lider Heydər Əliyevə ünvanladı. Dahi şəxsiyyət Heydər Əliyevin müraciətə  müsbət cavabı, eyni zamanda yeni yaradılacaq partiyanın siyasi səhnəyə Yeni Azərbaycan Partiyası kimi daxil olması dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə və inkişafına rəvac verdi. Ondan ötən müddət ərzində istər partiyamız, istərsə də onun rayon təşkilatları, xüsusilə YAP Binəqədi rayon təşkilatı uğurla inkişaf etməyə başladı.
Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov həmçinin bu ilin 11 aprel tarixində keçiriləcək Prezident seçkilərindən bəhs etdi. Seçkilərə hazırlıq mərhələsində görülən işlər barədə ətraflı məlumat verdi. Seçki qərargahının, təbliğat qrupunun yaradıldığını, seçici aktivliyinin artırılması, partiya üzvlərinin seçkilərə cəlb edilməsi üçün görülən işləri diqqətə çatdırdı.
Tədbirdə yekun nitq söyləyən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov ümummilli lider Heydər Əliyev ideyalarının uğurla davam etdirilməsi ilə ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın mühüm uğurlar qazandığını diqqətə çatdırdı. Dünyada müxtəlif böhran vəziyyətinin hökm sürməsinə baxmayaraq ölkə iqtisadiyyatımızın sürətli inkişafı, ictimai-siyasi sabitliyimizin davamlı bərqərar olunması dövlət başçısı cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsidir. Bu siyasətin davamı  ölkəmizi daha da işıqlı gələcəyə aparacaq və dünyadakı nüfuzunu möhkəmləndirəcək. Dövlətimizin hərtərəfli inkişafı və xalqımızın tərəqqisi naminə həyata keçirilən islahatların ölkəmizin daha böyük və əsaslı uğurlarına zəmin yaratdığını bildirdi. Bu gün ölkəmizin dünyada söz sahibi bir ölkə olduğunu, bütün sahələr üzrə dinamik və məqsədyönlü uğurlara imza atdığını qeyd edərək bütün bunları iqtidar-xalq birliyinin, həmrəyliyinin məntiqi nəticəsi adlandırdı. Xalqımızın yaxın keçmişini unutmadığını və ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizin düşdüyü çox ağır vəziyyətdən nicat tapdığını vurğuladı.
Tədbirin sonunda YAP sıralarına yeni üzv qəbul edilən bir qrup gəncə partiya üzvlük vəsiqələri təqdim edildi. YAP Binəqədi rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına və rayon təşkilatının yaradılmasının 25 illik yubileyi münasibətilə bir qrup partiya fəalı təltif olundu.

Keçidlər