Binəqədi Rayonunda Novruz bayramı münasibətilə “Vətənimin seyrinə çağırıram elləri!” adlı tədbir keçirildi
19 mart tarixində “Cümhuriyyət ili” çərçivəsində Binəqədi rayonunda yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Novruz bayramı münasibətilə “Vətənimin seyrinə çağırıram elləri!" adlı tədbir keçirilmişdir.Keçirilən festivalda rayon rəhbərliyi, millət vəkilləri, Mərakeş, Latviya, Ruminiya, Özbəkistan, Misir, Fələstin, Türkmənistan Respublikasının səfirləri və səfirliklərinin nümayəndələri, rayonun icra strukturlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri, “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları, eləcə də ictimaiyyət nümayəndələri iştirak etmişlər.İlk öncə Ululuq və ağsaqqallıq rəmzi sayılan Dədə Qorqud bayram münasibəti ilə rayon sakinlərini və qonaqları təbrik edərək Bahar bayramında ölkəmizə bol ruzi-bərəkət və əminamanlıq arzulamışdır. Şərbətlə qarşılanan qonaqları Azərbaycan Xalq Cümhuriyyəti illərində yaşayıb yaratmış ədəbiyyatımızın klassiklərindən Əhməd Cavad, Hüseyn Cavid, Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyov, Məhəmməd Hadi, Əli bəy Hüseynzadə obrazları salamlamışdırlar.Respublikamızın zonaları üçün ayrılmış çadırlarda qonaqlara və sakinlərə bölgələrin müxtəlif mədəni, tarixi nümunələri, milli geyimləri, turizm potensialı və mətbəx nümunələri təqdim edilmişdir. Azərbaycanın çoxəsrlik maddi-mədəni irsini, qədim milli adət-ənənələrini özündə əks etdirən eksponatlar və milli mətbəx nümunələri rayon ictimaiyyətinin və qonaqların böyük marağına səbəb olmuşdur.
O cümlədən, qonaqlara “Novruz gəlir” mahnısı, Yallı rəqs nümunələri göstərilmiş və Qədim ənənələrimizin canlandırıldığı şənlikdə Dədə Qorqud bayram tonqalını qalamaqla bu şad gündə el-obanı birliyə, həmrəyliyə dəvət etmişdir.Tarixi min illərlə ölçülən, mənəvi irsimizi, mədəni dəyərlərimizi, milli xarakter və düşüncəmizi, həyat tərzimizi özündə ehtiva edən ənənələrlə zəngin Novruzun gəlişi münasibətilə təşkil olunan“Vətənimin seyrinə çağırıram elləri!" sakinlər tərəfindən böyük maraqla qarşılanmışdır.