Binəqədi rayonunda “Keç yerüstü keçiddən, uzaq ol təhlükədən!” adlı maarifləndirici tədbir keçirildi.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 mart 2018-ci il tarixində Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 157 ünvanında yerləşən yerüstü keçiddə Binəqədi rayon orta ümumtəhsil məktəblilərinin iştirakı ilə yol hərəkəti təhlükəsizliyi qaydaları haqqında “Keç yerüstü keçiddən, uzaq ol təhlükədən!” adlı maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektorunun müdiri Nərmin Aslanbəyova, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, rəis müavini Sevinc Süleymanova, 100 №-li tam orta məktəbin direktoru Gülnarə Məmmədova, məktəbin müəllimi Təranə Abulova və məktəblilər iştirak etmişlər.
Əvvəlcə Bakı Humanitar Kolleci və 100 №-li tam orta məktəbin tələbə və şagirdlərinin təqdimatında yol nişanlarından istifadə etməklə musiqili fləşmob keçirilmiş, polis geyimli məktəblilər keçiddən istifadə edən vətəndaşlara layihə çərçivəsində çap edilmiş bukletlər və suvenirlər paylamışlar. Sonra xüsusi polis geyimli məktəblilər “Sürəti azalt, ömrü üzat!” şüarının yazıldığı banneri əllərində tutaraq, işıqforun qırmızı işığı yandığı zaman sürücüləri və piyadaları yol-nəqliyyat təhlükəsizliyinə düzgün əməl etməyə çağırıblar.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.6.6. (Gənclər və yeniyetmələr arasında yol-nəqliyyat təhlükəsizliyi mövzuları üzrə maarifləndirmə tədbirləri və kampaniyaların həyata keçirilməsi) yarımbəndinin icrasına uyğun olaraq həyata keçirilmişdir.