Binəqədi rayonunda “Qarabağ yol gözləyir” adlı tədbir keçirildi
07.04.2018-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin və Binəqədi rayon 298№-li orta məktəbin birgə təşkilatçılığı ilə şəhid Məmmədov İlqar Qabil oğlunun anadan olmasının 44-cü il dönümünə həsr olunmuş "Qarabağ yol gözləyir" adlı ədəbi-bədii tədbir keçirilmişdir. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyi Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Binəqədi rayon şöbəsinin və qəsəbə bələdiyyəsinin nümayəndələri, məktəbin direktoru çıxış edərək şəhidin büstü üzərinə gül əklilləri qoydular. Tədbiri giriş sözü ilə açan Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin Təbliğat və Hərbi Kütləvi İş bölməsinin rəisi kapitan Ramil Qasımov şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək, bu müqəddəs və şərəfli zirvənin məqamlarını qeyd etdi. Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin Silahlı Qüvvələrin "Mahnı və Rəqs Ansamblının rəisi polkovnik -leytenant Zöhrab İmamquliyev ilk olaraq şəhidin büstünün qarşısında çıxış edərək şəhidin əziz xatirəsini ehtiramla yad etdi və xalqımızın qəhrəmanlıq salnaməsinə adlarını qızıl hərflərlə yazılan şəhidlərə dövlət tərəfindən yüksək dəyər verildiyini qeyd etdi. Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev Vətən uğrunda həlak olan şəhidlərimizin qanının yerdə qalmayacağını və 2 il əvvəl Aprel döyüşlərində əldə edilən qələbənin “Böyük Qayıdış”ın sadəcə başlanğıcı olduğunu bildirmişdir. O qeyd etdi ki, ölkəmizdə aparılan ordu quruculuğu və müdafiə sənayemizin müasirliyi böyük zəfərin yaxında olmasından xəbər verir.
Rəsmi hissədən sonra Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin "Mahnı və Rəqs Ansamblının ifasında “Qarabağ yol gözləyr" adlı ədəbi-bədii kompozisiya nümayiş etdirildi.