Binəqədi rayonunda “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” mövzusunda tədbir keçirildi
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 17 aprel 2018-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.2-ci (Azərbaycan tarixində müstəsna xidmətləri olmuş şəxsiyyətlərin, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşçülərin, o cümlədən Milli Qəhrəmanların gənclər arasında tanıdılması ilə bağlı layihələrin həyata keçirilməsi) yarımbəndinin icrasını təmin etmək məqsədilə Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının inzibati binasında “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” vətənpərvərlik mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəis müavini Rövşən Əliyev, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Milli qəhrəman Zabit Quliyev, aprel döyüşlərinin iştirakçıları: Röyal Əşrəfov, Elmir Abbasov, İslam Əzimov, Vüsal Şirinov, Şəhid Emin Bağırovun və Fəxrəddin Qurbanlının valideynləri, ictimai birliklərin nümayəndələri, rayon orta ümumtəhsil məktəblərinin “Şahin” hərbi-idman oyununun komandaları və gənclər iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları binanın foyesində rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin vətənpərvərlik mövzusunda əl işlərindən ibarət sərgisi ilə tanış oldular.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin ifası və vətən uğrunda döyüşlərdə şəhid olmuş oğullarımızın xatirəsinin bir dəqiqəlik sükutu ilə açıq elan edildi. Sektor müdiri Əli Məmmədov çıxış edərək ölkəmizdə yeniyetmə və gənclərin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi, gənclər arasında dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərinin yüksəldilməsi məqsədilə mütəmadi olaraq tədbirlərin keçirildiyini bildirdi.
Sonra çıxış edən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəis müavini Rövşən Əliyev və Azərbaycan Respublikasının Milli qəhrəmanı Zabit Quliyev dövlətimizin müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda aparılan mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunələri göstərən Milli qəhrəmanlar haqqında məlumatlar verdilər.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov tədbirə yekun vuraraq bildirdi ki, Binəqədi rayonunda da gənc nəslin vətənə məhəbbət, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə hər zaman maarifləndirici layihələr, hərbi xidmətdə olan gənclərin mənəvi-psixoloji durumunun yüksəldilməsinə və onların asudə vaxtının səmərəli təşkilinə kömək məqsədi ilə hərbi hissələrdə müxtəlif silsilə tədbirlər keçirilir.
Tədbirin gedişatında gənclərin sualları cavablandırıldı.