Binəqədi rayonunda “Şahin” hərbi-idman oyunu keçirildi
20 aprel 2018-ci il tarixində Binəqədi rayonu, Daxili Qoşunların “N” saylı hərbi hissəsində “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilmişdir.
Azərbaycan Respublikası Gənclər və İdman, Müdafiə, Təhsil, Fövqəladə Hallar, Mədəniyyət və Turizm Nazirlikləri, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Veteranlar Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “Şahin” hərbi-idman oyununun məqsədi məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanmasına kömək göstərməkdir.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin rəisi Novruz Rəhimov, Daxili Qoşunların “N” saylı hərbi hissəsinin komandirinin Tərbiyə işləri üzrə müavini polkovnik-leytenant Mübariz Hüseynov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin aparıcı məsləhətçisi Samir Kazımov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin bölmə müdiri Mürsəl Qurbanov, Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev, rayon orta ümumtəhsil məktəblərinin rəhbərləri, hərbi hazırlıq və fiziki tərbiyə müəllimləri, şagirdlər iştirak etmişlər.
Qeyd edək ki, yarışda rayonun 32 orta ümumtəhsil məktəbi iştirak etmişdir. Komandanın tərkibi 14 nəfərdən ibarətdir (5 nəfər oğlan, 2 nəfər qız 8-ci sinif; 5 nəfər oğlan, 2 nəfər qız 10-cu sinif).
Yarış 8 mərhələ (sıra hazırlığı, darağa patron doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açmaq, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı, çadırın qurulması və maskalanması) üzrə keçirilir. Komandalar yarışda müəyyənləşdirilmiş vahid formada iştirak edir. Hər mərhələ münsiflər heyəti tərəfindən 5 (beş) ballıq sistem üzrə qiymətləndirilir.
Yarışın nəticəsinə görə 100 №-li tam orta məktəbin komandası I yerə, 157 №-li tam orta məktəbin komandası II yerə, 99 №-li tam orta məktəbin komandası isə III yerə layiq görülmüşdür.