Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Binəqədi rayon təşkilatının kollektivinin AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə ekskursiyası təşkil edildi

21 aprel 2018 | 11:00

21 aprel 2018-ci il tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi məqsədilə YAP Binəqədi rayon təşkilatının kollektivinin və gənc fəallarının iştirakı ilə Əlimərdan bəy Topçubaşovun köhnə qəbir daşının yerləşdiyi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə ekskursiya təşkil edildi.
Ekskursiya zamanı muzeyin bələdçisi iştirakçılara məlumat verdi ki, muzey Nizami Gəncəvinin anadan olmasının 800 illiyinə həsr olunmuş daimi sərgi ev-muzeyinin təşkili haqqında Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1 noyabr 1939-cu il tarixli sərəncamı ilə yaradılıb. Lakin onun açılışı 1945-ci il may ayının 14-nə təsadüf edib. Sonradan Nizami Muzeyi Azərbaycan Ədəbiyyatı Muzeyinə çevrilib. Muzey 1959-cu və 1967-ci illərdə xeyli genişləndirilib, yenidən qurulub, 2004-2009-ci illərdə isə təmir və restovrasiya olunub. Muzey Azərbaycan ədəbiyyatına və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi ilə məşğul olur.
Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan ədəbiyyatının ən qədim dövrlərdən müasir dövrə qədər keçmiş olduğu ədəbi və tarixi yol işıqlandırılır. Muzeydə müxtəlif sənədlər, əlyazmalar, kitablar və s. ilə yanaşı, qədim və orta əsrlər dövrünə aid maddi mədəniyyət nümunələri, rəsm və heykəltaraşlıq əsərləri nümayiş etdirilir. Azərbaycan Ədəbiyyatı Muzeyi 30 ekspozisiya zalından, 10 əsas şöbə, 2 regional filial, elmi fond və s. ibarətdir.
Ekskursiya zamanı iştirakçıların bir sıra sualları cavablandırıldı.
İştirakçılar ekskursiyadan xoş təəssüratlarla ayrıldılar.
Ekskursiyadan sonra rayon təşkilatının fəalları “İstiqlal bəyannaməsi” abidəsini ziyarət etdilər və ehtiramlarını bildirərək abidənin önünə gül dəstələri qoydular. Qeyd edək ki, "İstiqlal bəyannaməsi" abidəsi Bakının Səbail rayonu ərazisində yerləşən İstiqlaliyyət küçəsində AMEA-nın Əlyazmalar İnstitutu ilə İqtisad Universiteti arasındakı ərazidə ucaldılıb. "İstiqlal bəyannaməsi" 1918-ci ildə məhz hazırda Əlyazmalar İnstitutunun yerləşdiyi binada - keçmiş "İsmailiyyə"də imzalanıb. 2007-ci il mayın 25-də prezident İlham Əliyevin iştirakı ilə açılış olub.
Qranitdən və ağ mərmərdən yonulmuş abidə üzərinə dövlət gerbi, 1918-ci il mayın 28-də Tiflisdə qəbul olunmuş "İstiqlal Bəyannaməsi"nin mətni və bu bəyannaməni imzalayan şəxslərin adları həm əski, həm də latın əlifbası ilə həkk olunub.

Keçidlər