YAP Binəqədi rayon təşkilatında “Cümhuriyyət həftəsi” adlı dəyirmi masa keçirildi
Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə silsilə tədbirlərin keçirilməsinə artıq start verilib. Belə ki, 21 aprel 2018-ci il tarixdə rayon təşkilatının əməkdaşlarının və gənc fəallarının iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının cəmiyyətə daha geniş tanıdılması, onların keçdikləri şərəfli ömür yolu və zəngin siyasi fəaliyyətləri haqqında ətraflı məlumatların çatdırılması məqsədilə “Cümhuriyyət həftəsi” adlı dəyirmi masa keçirildi.
Dəyirmi masada YAP Binəqədi rayon təşkilatının gənc fəalı Leyla Quluzadənin təqdimatında Fətəli Xan Xoyskinin həyatı və fəaliyyəti haqqında geniş təqdimat nümayiş etdirildi. Təqdimatda bildirildi ki, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində, Birinci Dünya müharibəsi dövründə, 28 may 1918-ci ildə Şimali Azərbaycanda yaranmış müstəqil dövlət və Müsəlman Şərqində ilk parlament respublikasıdır. Bu şanlı gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb və hər il ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən “Respublika Günü” kimi yüksək səviyyədə qeyd olunur.
Daha sonra təqdimatda qeyd edildi ki, Fətəli Xan Xoyski Azərbaycanlı siyasi xadim, Rusiya imperiyası II Dövlət Dumasının deputatı, Zaqafqaziya Komissarlığı nəzdində xalq maarif komissarı, Zaqafqaziya Demokratik Federativ Respublikasının ədliyyə naziri, Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra ilk baş naziri və daxili işlər naziri təyin edilib. Bundan başqa AXC-nin hərbi naziri, ədliyyə naziri və xarici işlər naziri vəzifələrində çalışıb. Həmçinin vurğulandı ki, Fətəli xan Xoyski Azərbaycan Cümhuriyyəti Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Gürcüstana-Tiflisə gedib. Tiflisdə isə o, erməni daşnakları tərəfindən şəhid edilib. Azərbaycan türk millətinin böyük oğlu Xoyskinin məzarı Tiflisdədir. O, yalnız Azərbaycan Cümhuriyyətinin ilk baş naziri kimi deyil, həm də şəhid baş naziri kimi də tarixə adını yazdırıb. Təqdimat ərzində Fətəli Xan Xoyskinin Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında və fəaliyyətində misilsiz xidmətlərindən, yüksək vətənpərvərliyindən bəhs edildi.
Dəyirmi masa Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına və fəaliyyətinə aid fikir mübadiləsinin aparılması ilə yekunlaşdı.
Qeyd edək ki, “Cümhuriyyət həftəsi” adlı layihə çərçivəsində dəyimi masalar silsilə olaraq keçiriləcək və hər həftə cümhuriyyət qurucularının birinin həyatına və fəaliyyətinə həsr olunacaq.