Binəqədi Rayon İcra Hakimiyyətində “Zərifə xanım Əliyeva – nəcib insan, dünya şöhrətli oftalmoloq, alim” mövzusunda “Məlumat saatı” keçirildi
26 aprel tarixdə Binəqədi Rayon İcra Hakimiyyətində “Zərifə xanım Əliyeva – nəcib insan, dünya şöhrətli oftalmoloq, alim” mövzusunda “Məlumat saatı” keçirildi. “Məlumat saatı”nda Rayon İcra Hakimiyyəti başçısnın müavini Vüsar İsmayılov, Milli Məclisin deputatı, Filologiya elmləri namizədi Elmira Axundova, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev, BRİH başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, rayon ərazisində fəaliyyət göstərən bələdiyyələr, RİH başçısının QİƏD və SİƏD üzrə nümayəndələri, rayonun qabaqcıl səhiyyə və təhsil işçiləri və YAP fəalları iştirak etmişlər.
Elmira Axundova əmək fəaliyyətinə stenoqrafçı kimi başlamışdır (1971), sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor (1977-1980) olmuşdur. Azərbaycan Yazıçılar İttifaqında referent, məsləhətçi işləmişdir (1980-1988). Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində böyük elmi işçi olmuşdur (1988-1991). "Literaturnaya qazeta"nın (1990-1998), "Azadlıq" radiostansiyasının(Münhen) Azərbaycan üzrə müxbiri (1993-2000), "Türk dünyası" jurnalının publisistika şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (informasiya məsələləri üzrə katib) seçilmişdir (1991). Azərbaycan Prezidenti yanında əfv komissiyasının üzvüdür (1995-ci ildən). Hazırda Bakı Slavyan Universitetinin tərcümə nəzəriyyəsi və təcrübəsi kafedrasının dosentidir (2002-ci ildən). Onun tərtib və tərcümə etdiyi "Azərbaycanın gənc nəsri" antologiyası 1984-cü ildə "Yazıçı" nəşriyyatında kütləvi tirajla buraxılmışdır. Son illər bədii publisistika janrında məhsuldar yaradıcılığı ilə seçilir: Rus dilində "Fərmanla əfv edilmişdir..." (2000), "Poliqrafçının ölümü" (2001), "Həqiqət anı" (2003), "Əlövsət Quliyev: o tarix yaradırdı" (2003, şərikli), "Bu bizik" (2003), "Yaşamaq əyyamı" (2003) kitabları kütləvi tirajla buraxılmışdır. Moskvada 1984-cü ilin mayında keçirilən gənc yazıçıların 8-ci Ümumittifaq müşavirəsində olmuş, Azərbaycan Yazıçılar İttifaqının bir sıra ədəbi tədbirlərinin təşkilati hazırlığında və keçirilməsində bilavasitə iştirak etmişdir. Xarici və rus mətbuatında müntəzəm çıxış edir. Elmira Axundova Xidmətlərinə görə H.Zərdabi adına mükafata layiq görülmüş, "Şöhrət" ordeni ilə təltif edilmişdir (2003). 2005, 2010 və 2015-ci illərdə Azərbaycan Milli Məclisinin üzvü seçilmişdir.
Tədbiri Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov açaraq, dəvəti qəbul etdiyi üçün Rayon İcra Hakimiyyəti adından qonaqlara təşəkkür etdi. Giriş sözü ilə çıxış edən müavin V.İsmayılov qeyd etdi ki, Zərifə xanım Əliyeva Azərbaycanın, eləcə də, dünya tibb elminə əvəzsiz töhvələr vermişdir. Onun müəllifi olduğu elmi araşdırmalar bu gün də tibb sahəsində, xüsusilə olfalmologiya sahəsində istifadə olunur.
Daha sonra mövzu ətrafında mühazirə ilə çıxış etmək üçün söz Milli Məclisin deputatı, Filologiya elmləri namizədi Elmira Axundovaya verildi. Zərifə xanım Əliyevanın peşəkar fəaliyyəti barədə geniş çıxış edən natiq bildirmişdir ki, Zərifə xanım öz işinin alimi, akademiki olmaqla yanaşı, nümunəvi həyat yoldaşı və ana olmuşdur. O, qeyd etmişdir ki, Zərifə xanım daim yüksək çinli və ziyalı ailədə yaşamasına baxmayaraq, həmişə öz sadəliyi ilə ətrafındakı insanların qəlbinə yol tapmış, onların qayğısına qalmışdır. Apardığı araşdırmalarından sitat gətirərək görüşdüyü insanların Zərifə xanım haqqında olan fikirləri barədə geniş məlumat verən deputat E.Axundova Ulu Öndər Heydər Əliyevlə Zərifə xanım Əliyevanın bir-birinə olan böyük məhəbbətini əks etdirən yeni kitab üzərində işlədiyini və yaxın vaxtda bu kitabın çap olunaraq təqdimatının keçiriləcəyini bildirdi. Növbəti çıxış etmək üçün söz Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyevə verildi. İ.Vəliyev qeyd etdi ki, Zərifə xanım Əliyeva tibb sahəsindəki əsərləri, eyni zamanda öz şəxsi keyfiyyətləri ilə nəinki Azərbaycanda, eləcə də, keçmiş MDB məkanında böyük hörmətə sahib olmuşdur.
Çıxışlar bitdikdən sonra RİH başçısının müavini tədbirdə iştirak etdiklərinə və geniş çıxışlara görə qonaqlara təşəkkür etdi və tədbiri yekunlaşdırdı.
Tədbirdən sonra Milli Məclisin deputatı, Filologiya elmləri namizədi Elmira Axundova İcra Hakimiyyətində fəaliyyət göstərən “1646” - Sakinlərin Müraciəri Xidmətinin fəaliyyəti ilə tanış oldu və ona xidmət haqqında geniş məlumat verildi. E.Axundova “1646” - Sakinlərin Müraciəri Xidməti haqqında xoş sözlər bildirdi.