Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsi keçirildi
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Bakı Humanitar Kollecinin təşkilatçılığı ilə 27 aprel 2018-ci il tarixində “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir.
Müsabiqənin rəsmi hissəsində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev çıxış edərək Binəqədi rayonunda ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ edilməsi məqsədilə müxtəlif formatlarda maarifləndirici tədbirlərin keçirildiyini nəzərə çatdırmışlar. Bu cür müsabiqələrin məktəblilərin ədəbi dilin normalarına uyğun yazmaq və öz fikrini sərbəst bildirmək kimi bacarıqlarının təkmilləşdirilməsinə kömək etdiyini vurğulamışlar.
İştirakçılar müsabiqənin Əsasnaməsi ilə tanış edildikdən sonra müsabiqəyə start verilmişdir. Qeyd edək ki, inşalar Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən hazırlanmış və kodlaşdırılmış xüsusi dəftərlərdə yazılmışdır. İnşa yazılarının yoxlanılması Bakı Humanitar Kolleci tərəfindən təsdiq olunmuş münsiflər heyətinə həvalə edilmişdir.