Binəqədi rayonunda “Müasir Azərbaycan gəncliyi: Azərbaycan Xalq Cümhuriyyəti haqqında: tarixə baxış və perspektivlər” mövzusunda tədbir keçirildi
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə 28 aprel 2018-ci il tarixində “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində “Müasir Azərbaycan gəncliyi: Azərbaycan Xalq Cümhuriyyəti haqqında: tarixə baxış və perspektivlər” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sektor müdiri Rauf Həsənov, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev və gənclər iştirak etmişlər.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini nəzərə çatdıran natiqlər: Elvin Aslanov, Şəmsi Gülverdiyev, Rauf Həsənov və Fəsli Nəbiyev müsəlman Şərqində ilk parlamentli respublika olan Cümhuriyyətin qurulmasının xalqımızın həyatında misilsiz hadisə olduğunu bildirdilər. Qeyd edildi ki, müasir Azərbaycan gəncliyi milli dövlətçilik tariximizin ən parlaq səhifələrindən olan Cümhuriyyət dövrünü dərindən öyrənməli, ölkəmizdə, o cümlədən xaricdə yaşayan həmyaşıdları ilə daim təmasda olaraq, tariximizlə bağlı məlumatları dünya ictimaiyyətinə çatdırmalıdırlar.
Çıxışlardan sonra Azərbaycan Xalq Cumhuriyyətinə həsr olunmuş “Parisdən məktublar” sənədli filmi nümayiş etdirilmişdir.