Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə təşkil olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsinin qalibləri mükafatlandırıldı
04.05.2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə təşkil olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.
Ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqə Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunmuşdur.
Müsabiqədə qiymətləndirmə təqdimatçının sərbəstliyi, nitqinin səlisliyi, ardıcıllığı, ifadəliliyi, lüğət ehtiyatının zənginliyi, ümummilli lider Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti barədə dolğun və əhatəli məlumata malik olduğunu nümayiş etdirməsi, irəli sürdüyü fikirləri faktlarla əsaslandırması, Ulu Öndərin Vətən və xalq qarşısında xidmətləri barədə şəxsi mülahizələrini bildirməsi, ədəbi-bədii nümunələrə müraciət etməsi, təqdimatı müəyyənləşdirilmiş müddətdə başa çatdırması və digər meyarlara əsasən aparılmışdır.
Müsabiqədə Binəqədi rayonunda fəaliyyət göstərən 314 nömrəli tam orta məktəbin X sinif şagirdi Nəsibli Səbinə Neman qızı II yerə, 143 nömrəli tam orta məktəbinin X sinif şagirdi İsmayılova Sevinc Anar qızı isə III yerə layiq görülmüşlər.
Qeyd edək ki, respublika üzrə "Ən yaxşı təqdimat" müsabiqəsinin nəticələrinə əsasən, 8 nəfər I, 14 nəfər II, 18 nəfər III dərəcəli diplomla, 25 nəfər isə tərifnamə ilə təltif olunmuşdur.