Binəqədi rayonunda Azərbaycan Respublikasının Ümummili lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş tədbir keçirildi
08 may 2018-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Ümummili lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Azərbaycan deyəndə Səni düşünürük biz” adlı tədbir keçirildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Millət vəkilləri Nizami Cəfərov, Hikmət Babaoğlu, Kamaləddin Qafarov, Azərbaycan Milli Elmlər Akademiyasının Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev, RİH başçısının müavinləri, şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının və dövlət idarələrinin rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.
Tədbirdə çıxış edən Milli Məclisinin üzvü Nizami Cəfərov Ulu Öndərin xalqımıza göstərdiyi misilsiz xidmətlərindən danışdı. O, Heydər Əliyevin tarix boyu böyük ideyaları həyata keçirərək ədəbiyyatımıza, milli – mənəvi dəyərlərimizə böyük diqqət ayırdığını bildirdi. Natiq Ulu öndərin xalq mənəviyyatına, psixologiyasına, ədəbiyyatına, mədəniyyətinə - bütün bunların daşıyıcısı olan ana dilimizə dərindən bələd olduğunu qeyd edərək Dahi Şəxsiyyətin siyasi kursunu bu gün Prezident İlham Əliyevin uğurla və qətiyyətlə davam etdirdiyini diqqətə çatdırdı.
Çıxış edən Milli Məclisinin üzvü Hikmət Babaoğlu qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət, xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkətin işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Natiq qeyd etdi ki, Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş onun adı ilə bağlıdır və XX əsrin 60-cı illərinin sonundan başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnmişdir.
Azərbaycanın müstəqilliyinin bərpasından söz açan Milli Məclisin üzvü Kamaləddin Qafarov ilk illərdə ölkəmizdə bütün sahələrdə yaşanan tənəzzüldən danışaraq yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikamızın dinamik inkişaf yoluna qədəm qoyduğunu, beynəlxalq ictimaiyyət arasında dərin hörmət və nüfuz qazandığını deyib. Ümummilli Lider Heydər Əliyevin hər bir azərbaycanlıya örnək olan, müasir tariximizin ən şanlı və parlaq səhifələrini yazan zəngin dövlətçilik fəaliyyətindən söz açdı.
Daha sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov bu gün xalqın seçim və dəstəyi ilə Heydər Əliyevin gerçək siyasi varisi kimi qəbul edilən və Azərbaycanın mərdlik, mətanət və ləyaqət simvoluna çevrilmiş Prezident İlham Əliyevin ulu öndərin yaratdığı geniş fəaliyyət perspektivlərini məharətlə, doğru-düzgün dəyərləndirərək xalqı daha firavan gələcəyimizin yoluna işıq saçan yeni üfüqlərə doğru apardığını dedi.
Sonda çıxış edən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Ulu Öndər Heydər Əliyevin hər bir azərbaycanlının həyatında dərin iz qoyduğunu vurğuladı. Natiq bildirdi ki, bu gün hər birimiz Dahi Rəhbərin qurub yaratdığı, dünyaya tanıtdığı müasir, müstəqil Azərbaycanın vətəndaşları olmağımızla fəxr edirik. Xaləddin İsgəndərov Heydər Əliyev vətənpərvərliyinin, mərdliyinin, mübarizliyinin həmişə hər birimiz üçün nümunə olduğunu və onun Azərbaycan xalqının əbədiyaşar lideri kimi daim qəlblərimizdə yaşayacağını qeyd etdi. Xalqı üçün yaşayan, hər şeydən öncə əcdadlarının təmiz və şərəfli adını qorumaq uğrunda usanmadan çalışan bir insana öz layiqli adını, qiymətini elə onun xalqı verə bilər deyən natiq, Heydər Əliyevi bütün dövrlərin ən böyük Azərbaycanlısı adlandırdı.
Xaləddin İsgəndərov ən müxtəlif sahələrdə misli görünməmiş, möhtəşəm uğurların yalnız bu günlə məhdudlaşmadığını, həm də cəmiyyətimizin gələcək taleyini müəyyən etdiyini, taleyüklü işlərin və əməllərin Azərbaycan xalqının tarixində həmişəlik olaraq ümummilli liderin ən yaxın silahdaşı və ən sadiq məsləkdaşı, onun həyat və mübarizə yolunun ən istedadlı yetirməsi olan cənab İlham Əliyevin adı ilə qalacağını və onun rəhbərliyi altında müstəqil dövlətimizin üçrəngli bayrağının zəfər zirvələrində daim qürurla dalğalanacağını bildirdi.
Ümummili lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Azərbaycan deyəndə Səni düşünürük biz” adlı tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra tədbir bədii hissə ilə davam etdirildi.